"Sabah" "Hapoel"lə oyunda layiqli qələbə qazandı. Komanda həm nəticə, həm də nümayiş etdirdiyi futbol baxımından özünü yaxşı tərəfdən göstərdi". Bu sözləri Sport24.az-a açıqlamasında Samir Abasov deyib.
Təcrübəli mütəxəssis "Sabah"ın Bakıda İsrailin "Hapoel" (Beer-Şeva) komandasına qalib gəldiyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu barədə fikirlərini bölüşüb:
"Səfərdə keçirilən qarşılaşmada da çox yaxşı oynamışdılar və bu görüşdə həmin performansın davamını görə bildik. Bu münasibətlə komandanın bütün üzvlərini – futbolçuları, məşqçilər korpusunu və klubda əziyyəti olan hər kəsi təbrik edirəm. Açığı, "Sabah"ın növbəti mərhələdə Bakıya gətirməsini istədiyim xüsusi bir komanda yoxdur. Burada əsas məsələ rəqibin adından daha çox, Bakı təmsilçisinin üçün uyğun komandanın müəyyənləşməsidir. Təbii ki, Çempionlar Liqasında asan rəqib olmur. Turnirin səviyyəsi çox yüksəkdir və qarşıya çıxan hər bir komanda ciddi rəqibdir. Buna görə də püşkatmada kimin düşməsindən asılı olmayaraq, "Sabah"ın öz oyununa köklənməsi və maksimum mübarizə aparması vacibdir. Çempionlar Liqasında çıxış etmək Azərbaycan futbolçuları üçün böyük təcrübədir. Belə oyunlar futbolçuların həm fərdi, həm də komanda olaraq inkişafına ciddi təsir göstərir. Bu səviyyədə keçirilən hər qarşılaşma onlar üçün yeni təcrübə, yeni məsuliyyət və özlərini göstərmək üçün əlavə imkan deməkdir. Məncə, ən vacib məqam "Sabah"ın futbolçularının bu atmosferdən və bu səviyyədə futbol oynamaqdan zövq almasıdır. Onlar meydanda özlərinə inanmalı, rəqibin adından çəkinməməli və bacardıqları futbolu nümayiş etdirməlidirlər. Nəticə əlbəttə ki, önəmlidir, amma belə turnirlərdə qazanılan təcrübə də Azərbaycan futbolu üçün böyük əhəmiyyət daşıyır. "Sabah"a qarşıdakı oyunlarda uğurlar arzulayıram".
Xatırladaq ki, "Sabah" iki oyunun (1:2, 5:2) nəticəsinə əsasən "Hapoel"i üstələyərək tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.