"Bu, yəqin ki, asanlıqla unudulmayacaq qələbələrdən biri idi". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu İqor Noqeyra deyib.
Ölkəsinin mətbuatına açıqlama verən braziliyalı oyunçu "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının I turundan təxirə salınmış oyunla bağlı fikirlərini bölüşüb:
"Bu rəqibə qarşı oynamağın həmişə çox çətin olduğunu bilirdik. Çünki ölkənin ən güclü klubudur və avrokuboklarda mübarizə aparmağa öyrəşib. Ona görə də demək olar ki, ideal bir oyun keçirməli olduğumuzu anlayırdıq".
Müdafiəçi hesabda geri düşsələr də, diqqətlərini itirmədiklərini vurğulayıb:
"İkinci hissəyə geridönüş etmək məqsədi ilə kökləndik. Öz azarkeşlərimiz önündə oynamaq həlledici rol oynadı, çünki üç xalı qazanmaq üçün onların tam dəstəyini hiss etdik. Bu qələbə bizi turnir cədvəlinin lideri edir və klubun bu qədər gözəl layihəsində növbəti addımı atmağımıza şərait yaradır. Mən ötən mövsümdən buradayam və klubun necə böyük fədakarlıq göstərdiyini, hansı hədəfləri olduğunu yaxından görürük. Keçən il Kuboku qazandıq və bu, ilk addım idi. Bir klubun tarixində adını yazdırmaq çox xoş hissdir və bu, böyük zəhmətin bəhrəsidir. Hazırda Liqanın lideriyik, amma bunu qoruyub saxlamaq üçün ikiqat işləməli olduğumuzu bilirik. Hər oyuna final kimi yanaşırıq və mövsümün sonuna qədər də belə olacaq".