Misli Premyer Liqasının 27-ci turunda "Zirə" ilə heç-heçə edən "Sabah" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Masazır təmsilçisinin legioneri Umarali Raxmonaliyev cəzalı duruma düşüb.
Buna yarımmüdafiəçinin "Zirə" ilə matçda sarı vərəqə alması səbəb olub.
Cari mövsüm dördüncü dəfə bu halla üzləşən özbək oyunçu 28-ci turda "Qarabağ"la qarşılaşmada meydana çıxa bilməyəcək.
Raxmonaliyev cari mövsüm çempionatda 25 matçda iştirak edib və 3 qolla yadda qalıb. O, ölkə kubokunda "Qarabağ"la heç-heçə etdikləri (2:2) görüşdə komandasının hər iki qolunun müəllifi olub.
Qeyd edək ki, "Qarabağ" - "Sabah" oyunu aprelin 18-də keçiriləcək.