"Ötən mövsümü "Qusar"da keçirdim. Onlarla müqaviləm başa çatdıqdan sonra bir neçə yerdən təklif alsam da, "Füzuli" ilə ortaq məxrəcə gəldim. Əvvəllər də bu komandada çıxış etdiyim üçün düşündüm ki, burda mənə daha rahat olar". Bu sözləri Sport24.az-a açıqlamasında Ruslan Poladov deyib.

 

45 yaşlı futbolçu komandanın qarşısına I liqaya yüksəlmək məqsədinin qoyulduğunu bildirib: "Füzuli"də peşəkarlaşmaq yönündə ciddi işlər görülür. Komanda ötən mövsüm də pis çıxış etmədi və çempionatı ilk "5-lik"də tamamladı. Amma bu il daha iddialı olacağıq. Qarşımızı çempion olmaq hədəfi qoyulub. Hazırda "Füzuli" təcrübəli futbolçularla yanaşı, gənc, perspektivli oyunçuların vəhdətindən təşkil olunub. Yaxşı kollektivimiz var. Çempionatın ilk iki turunda yaxşı çıxış edib, qələbə qazana bilməsək də, artıq səhvlərimizdən nəticə çıxarmışıq və qarşıdakı turlarda qələbələr sıralamaqla azarkeşlərimizi sevindirmək istəyirik".

 

Poladov 45 yaşının olmasına baxmayaraq, özünü gümrah hiss etdiyini və futbol oynamaq eşqinin tükənmədiyini də vurğulayıb:  "Hər il karyeramı başa çatdırmaq istəsəm də, futbol oynamaq eşqim buna imkan vermir. Pis anlaşılmasın, hazırda 90 yox, 120 dəqiqə də oynamaq gücündəyəm. Odur ki, hansı klubun formasını geyinməyimdən asılı olmayaraq, mənə güvənib, meydana buraxırlarsa, əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Odur ki, qarşıdakı mövsümdə də "Füzuli"nin uğur qazanması üçün bütün gücümü səfərbər edəcəm".


ABDULLA İSMAYILOĞLU