"Ayxan Abbasovu milli komandanın baş məşqçisi təyin olunması münasibətilə təbrik edirəm. Fikirləşirəm ki, yığmamızda yerli mütəxəssis işləməlidir". 

 

Bu sözləri "Baku Sportinq"in baş məşqçisi Röyal Nəcəfov Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Şamaxı"ya qarşı (1:0) məğlub olduqları oyunu şərh edərkən deyib.

 

Gənc mütəxəssis komandasının əsas heyət üzvlərinin olmamasını zədə ilə bağlı əlaqələndirib:

 

"Oyuna gəldikdə isə, matça yaxşı hazırlaşmışdıq. İnanıram ki, azarkeşlərə baxımlı futbol nümayiş etdirə bildik. Kənardan komandaların fərqləndiyini demək olmaz. Başa-baş oyun gedirdi. "Şamaxı"nı təbrik edirəm. Hər bir futbolçumuza əsas heyət üzvü kimi baxırıq. Zədəlilərimiz var idi. Həkimlərimizin nəzarəti altındadır. Əgər bu matça çıxsaydılar, zədənin müddəti uzana bilərdi. Buna görə riskə getmədik, onlara istirahət verdik. Hakim penaltini verə bilərdi. Vermədisə, kimsə onu ittiham edə bilməz. Premyer Liqa klubuna qarşı oynamaq əlavə motivasiyadır. Rəqibin bizə qeyri-ciddi yanaşdığına inanmıram. Əsas heyətin 60-70 faizi meydanda idi. Biz öz işimizə diqqət edirik. Heyetimizdə bir çox futbolçu ilk oyununa çıxdı".