Dünən keçirilən "Turan Tovuz" – "Sumqayıt" matçı ilə XXXI tura start verildi. Qarşılaşmadan əvvəl oyun ətrafında böyük ajiotaj yaşanırdı. Bəzi mətbu orqanlarında hakimlərin "Sumqayıt"ı "dartdığı" ilə bağlı yazılar dərc olunsa da, Samir Abasov və komandası söylənilənləri alt-üst etməyi bacardı. "Kimyaçılar" parlaq oyunla çətin Tovuz səfərindən layiqli qələbə ilə döndü.

 

Matçı izləyənlər arasında "Sumqayıt"ın prezidenti Riad Rəfiyev də var idi. Hakimin final fitindən sonra klub prezidenti Sport24.az-ın bölgəyə ezam olunmuş əməkdaşının suallarını cavablandırdı.

  

- Bu gün Tovuzdan böyükhesablı qələbəylə qayıdırsız. Komandanızdan belə parlaq oyun gözləyirdiz?
- Bizim üçün vacib qarşılaşmaydı. Tovuzdan uğurlu nəticəylə qayıtmaq istəyirdik. Böyük hesabla olmasa da, komandamızdan qələbə gözləyirdim. Odur ki, bu gün vacib 3 xalı gözəl oyun və gözəl nəticəylə qazandıq. Bütün "Sumqayıt" camiəsini  və azarkeşlərimizi təbrik edirəm.


- "Sumqayıt"ın 2-ci qolunu böyük sevinclə qeyd etdiz ki, bu da yerli azarkeşlərin narazılığına səbəb oldu...
- Vurduğumuz qola çox sevindim. Amma azarkeşlərin məni fitə basmasını, etirazını görmədim.


- "Boz qurdlar" üzərində böyükhesablı qələbəyə görə xüsusi komandaya mükafat veriləcək?
- Biz hər qələbəyə görə futbolçularımıza mükafat veririk. Amma sırf "Turan Tovuz" üzərindəki qələbə üçün ayrıca mükafat nəzərdə tutulmayıb.


- Qələbə sayəsində turnir cədvəlində 2-ci pilləyə yüksəldiz və avrokuboklara gedən yolda mühüm addım atdız. Necə düşünürsüz, bugünkü 3 xal qarşıdakı 5 tur üçün motivasiya olacaq?
- Komandamız hər oyuna yüksək motivasiya ilə çıxır. Qarşımıza mütləq avrokuboklara getmək məqsədi qoyulmayıb. Təbii ki, hazırda qitəmiqyaslı yarışlara vəsiqə qazanmaq üçün şərait var, bu baş versə çox gözəl olar. Amma alınmasa da, futbolçuların və məşqçilərimizin canı sağ olsun. Dünyanın axırı deyil ki... Bu mövsüm alınmayacaqsa, növbəti "futbol ili"ndə daha yaxşı hazırlaşıb avrokuboklara gedəcəyik. Qısası, avrokuboklara qoşulsaq da, qoşulmasaq da əsas odur ki, komandamız yaxşı mövsüm keçirir. Futbolçularımız böyük əziyyət çəkib, meydanda can qoyurlar.


-  "Sumqayıt"ın bu gün ikinci pillədə olması və avrokuboklar uğrunda mübarizə aparması bəlkə də çoxları üçün gözlənilməz oldu. Yeni mövsüm üçün hazırkı heyəti qoruya biləcəksiz?
- Futbolçularımızın necə fədakarlıq etdiyini hamıdan yaxşı bilirəm. Biz qələbələri praqmatik futbolla yox, meydanda xarakter, əzm, döyüşkənlik sərgiləməklə qazanırıq. Əlbəttə ki, hazırkı heyəti saxlamaq və əlavə oyunçularla güclənmək istəyirik.


- Bu gün Tovuz stadionu demək olar dolmuşdu. Nə vaxtsa sizin ev oyunlarınızda belə coşqu görəcəyik?
- Hələ ki, mövsümdəki rekord azarkeş sayı bizdədi. Stadionun açılışı zamanı tribunalar dolmuşdu. Bundan başqa ötən turda "Zirə"ylə matçımıza da 5 min azarkeş gəlmişdi. Təbii ki, futbol məkanımıza bundan da çox azarkeşin axın etməsini istəyirik və zamanla bunun baş verəcəyinə inanırıq.



ABDULLA İSMAYILOĞLU