“Gərgin və maraqlı oyun müşahidə edəcəyimiz öncədən bəlli idi”. Sport24.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XIII turunda “Qəbələ” ilə oyun barədə danışarkən deyib.

Doğma arenasında bölgə təmsilçisini qəbul edən bakılılar meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.

Sadıqov oyunsonrası mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Son turlarda stabil çıxış edən iki komanda qarşılaşırdı. Sürətli futbola hazır olmalıyıq. İlk hissənin ortalarında gözlənilməz qol buraxdıq. Bir qədər sonra növbəti topu qapımızda gördük. 0:2 hesabına komanda çox yaxşı reaksiya verdi. Hücumlarımızı artırdıq, daha aqressiv çıxış etməyə başladıq. Hətta fərqi minimuma da endirdik. İkinci hissə, demək olar ki, bizim üstünlüyümüz şəraitində keçdi, hücumlar qurduq. Bəzi epizodlarda ələ düşən imkanlarda fərqlənə bilsəydik, bəlkə də, görüş başqa məcrada keçərdi. Təəssüf ki, hesabı bərabərləşdirə bilmədik. Vacib oyunda məğlub olduq".

- Gənc Rüstəm Nuriyevi 35-ci dəqiqədə əvəzləməyiniz psixoloji cəhətdən ona mənfi təsir göstərməz?
- Rüstəmi mən U-21 yığmasından tanıyıram, milliyə dəvət elədiyim futbolçu idi. Sadəcə, çox sərt, hərəkətli və aqressiv oyunçudur. Onu əvəzləməyimin yeganə səbəbi sarı vərəqə idi. Hesabda da geri düşmüşdük. Fasiləni gözləmək istədim, amma bunun da bir mənası yox idi. Müdafiəyəmeyilli oyunçunu hücumameyilli futbolçu ilə əvəzləmək istədim. Rüstəm əslində yaxşı oynayırdı. Əvəzləməyim onun çıxışı ilə əlaqəli deyildi. Sadəcə, çox istəkli və sərt futbolçudur və sarı vərəqə də aldıqdan sonra azlıqda qalmaqdan qorxdum. Meydançadan çıxanda da özünə bunu dedim. Oyunundan razıyam.

- Razısınız ki, "Qəbələ" 3 xala layiq idi?
- "Qəbələ"ni təbrik edirəm, möhtəşəm işlər görür. Amma bu gün bərabər səviyyədə mübarizə getdi. Hətta bəzi komponentlərdə biz daha üstün idik. Sadəcə, bu tip matçlarda rəqibin iki zərbəsi dirəyə dəyib qolla nəticələnirsə, qələbə qazanmaq çətin olur. Bizim də imkanlarımız oldu. Təbii ki, hesabı qorumağa çalışdılar. Bəlkə "Qəbələ" geridə olsaydı, onlar hücumda olacaqdılar. Belə oyunlarda əlinə düşən fürsətlərdən daha dəqiq yararlanan komanda qələbə qazanır. Cinah ötürmələrini gözləyirdik, buna uyğun oyun qurmuşduq. Nemanya Andelkoviçin əvəzlənməsindən sonra qol buraxdıq. Aparıcı müdafiəçimizin dəyişikliyi təbii ki, təsir etməyə bilməz. Nəticə fərqli də ola bilərdi. Bu elə oyun deyildi ki, məğlub olduğun zaman oyundan məyus olasan. Uşaqlar əllərindən gələni etdilər. Qarşımızda çətin rəqib var idi. Fasilədən sonra matçı çevirməyin çətin olacağını bilirdik. "Qəbələ" "Qarabağ" kimi rəqibə qarşı 90 dəqiqə qol buraxmayan komandadır. Onsuz da, səhvsiz oynamaq mümkün deyil. Cinah ötürməsi gəldi qolla nəticələndi, bir topu da cərimə zərbəsindən buraxdıq. Ehtiyatsızlıqdan cərimə zərbəsi qazandılar və fərqləndilər.

- Bu gün də aqressiv görünürdünüz. Düşünmürsünüz ki, 90 dəqiqə hakimlərə qarşı aqressiv olmağınız onların da sizə qarşı münasibətinə təsir edir?
- Kadrlara baxmaq lazımdır. Görün, mən hakimlərə qarşı aqressiv olmuşam, ya yox. Hətta sarı vərəqə aldığım epizodla bağlı da deyə bilərəm ki, əgər orada sarıya layiq idimsə, hər matçda hakimlər baş məşqçilərə sarı, qırmızı vərəqə göstərməlidirlər. Nə təhqir, nə də sərt ifadə işlətdim. Sadəcə, sual vermişəm ki, bu, sarı vərəqə deyil? Başımı tutub getdiyimə görə sarı vərəqə aldım. Belə halda sarı vərəqənin olacağını bilmirdim. Sən demə bunu etmək olmazmış. Dünyanın bir sıra tanınmış baş məşqçiləri hakimlərlə daim dialoqdadırlar və bəzən səs tonlarını qaldırırlar. Bu da oyunun gərginliyindən irəli gəlir. Heç kimə qarşı şəxsi qərəzlik yoxdur. Digər komandanın oyunlarında iki məşqçi ayaq üstə durur. Amma vərəqə almırlar. Mənə görə, Omar Hani sarı vərəqəni daha tez almalı idi. Başımı tutub çıxıb getdiyimə görə sarı vərəqə aldım. Sərt söz deməmişəm, qışqırmamışam. Sadəcə, epizoda təəccübləndim. Şəxsən mən bizim çempionatda ikinci hissəyə iki dəqiqə əlavə olunduğunu görməmişəm. Bunlar xırda şeylərdir. Rəqibi ürəkdən təbrik edirəm. Bu mövsüm çempionatımız ötən mövsümdəkindən daha rəqabətlidir. Bu mövsüm hamı iddialıdır, yaxşı formadadır. Görünən odur ki, hər turda qələbə və xal qazanmaq daha çətin olacaq.

- Ümumi hakimliyi dəyərləndirərdiniz...
- Bəhs etdiyim epizodu soruşdum hakimdən, bir də bizim futbolçunun toqquşduğu epizodu. Bildirdim ki, burada sarı vermirsən, amma digərində bizim oyunçuya verirsən. Hakimlikdən çox danışmaq istəmirəm.

- Velves Santosa etibar etmirsiniz. Onun taleyi necə olacaq?
- Qarşılıqlı şəkildə oturub danışacağıq. Velves gənc futbolçudur. Onu icarəyə götürmüşük. Elə futbolçular var ki, heyətə cəlb edirsən, sınamaq istəyirsən. Bəlkə yaxşı olar, komandaya uyğunlaşar düşüncəsi ilə. Neqativ danışmağı xoşlamıram. Amma Velves hələ tam istədiyimiz kimi özünü göstərmir. Göstərdikdən sonra ona da şans verəcəyik.

- Demək olar ki, keçmiş futbolçunuz Kayo Rangelin taleyini yaşayır?
- Kayonun durumu fərqli idi. Onu iddialı olacağı düşüncəsi ilə gətirmişdik. Komandanın aparıcı oyunçularından birinə çevriləcəyinə inanırdıq. Ancaq gəldikdən sonra tez-tez zədələndi. Legioner həyatı yaşamaq çətindir, bunu da hər futbolçu bacarmır. Mən də anlayışla qarşılayıram. Ola bilsin uyğunlaşma problemi yaşayırlar, ailələrindən uzaq düşmələri səbəb olur.