Zirə" Azərbaycan Premyer Liqasının 2-ci turunun oyununda öz meydanında "Sabah"a 1:3 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

- Çox danışacaq bir şey yoxdu. Rəqib layiq olduğu qələbəni qazandı. Çox kobud səhvlərdən qollar buraxdıq. Bundan sonra rəqib daha özünəinamlı oynadı. Hesab arasındakı fərqi azalda bildik və ümidləndik ki, oyunu çevirə bilıərik. Amma ikinci hissənin əvvəlində buraxdığımız kobud səhv oyunun taleyini həll etdi. Çox ucuz səhvlərdən qollar buraxırıq. İstər "Makkabi" ilə oyunda, istərsə də bu günl. Belə olan halda istədiyimiz futbolu oynamaq çətin olur.

- Təmkin Xəlilzadənin oyununda eniş yaşanır. Bununla bağlı nə deyə bilərsiz?

- Mövsümün əvvəlidi. Ola bilər ki, hansısa futbolçu gec formaya düşsün. Tək o yox, bir neçə oyunçumuz daha istəkli oynamalıdı. Problemlər var, axtarıb həll etməyə çalışacağıq. Eniş deməzdim, daha istəkli oynamalıdır.

- Yeni transfer Moizin oyununu necə dəyərləndirərdiniz?

- Məşqçi kimi etmək istəmədiyim şeyi etdim. Cəmi bir həftə idi ki, məşq edirdi. Sadəcə çıxış yolumuz yox idi. Özü ilə danışdım, 60-65 dəqiqə oynayar. Amma 90 dəqiqə oynadı və  məni yaxşı tərəfdən təəccübləndirdi.

- Hamidu Keytanın olmaması oyununuza nə dərəcədə təsir etdi?

- Onsuz da, heyət geniş deyil. Onun yoxluğu hücum xəttində hiss olunmaya bilməz. Hacıağa, Çantakias, Filipe yenidən zədələnib. Bu cür itkilərimiz var. Belə problemlər olur. Bunları həll edib yolumuza davam etməyə çalışacağıq. Qarşıda 34 tur var. Hər hansı problem var, indi olması daha yaxşıdı, nəinki mövsümün ortasında.

 

- Transfer məsələsi nə yerdədi?

- Heyəti genişləndirməliyik. Heyətin geniş olmaması futbolçularda rahatlıq yaradır. Biri ilə razılaşmışıq, iki günə Bakıya gələcək. Transferlərin son periodundayıq. İndiyə biz istəyənlər qalar ya, yox. Olmaz, qışda edəcəyik.

 

- Komandadan narazılıqlarınız nədən ibarətdi?

- Kəmiyyət və keyfiyyətlə bağlı poroblemlərimiz var. İstəyərdik ki, geniş heyətimiz olsun. Həmişə futbolçulardan razı oluram. Amma meydanda yüz faizini verməyəndə, maksimum motviasiya olmayanda problemlər olur. Əsas keyfiyyətlərimizdən biri aqressiv və istəkli oynamaqdı. "Makkabi" matçından sonra problemlər yaşaırıq. Niyə çempionat matçlarında bunları yaşadıq, təhlil edəcəyik.

 

- Sizcə oyununuzda nə çatmadı?

- Bu cür oyunlarda nəticə üçün ucuz qollar buraxmamalısan. Usta oyunçuları var rəqibin. Amma belə qollar buraxıb oyunu dəyişmək çox çətindi. Daha istəkli oynamalıydıq. Onda bərabər mübarizə gedərdi. Belə oynadıqdan sonra heç bir şans yoxdu.

- "Makkabi" ilə oyundakı "Zirə" ilə indiki "Zirə" arasında fərq var..

- Razıyam. Aqressiv və dözümlü futbolçuları görmürəm. Təhlil edəcəyik. Niyə belə olduğunu bilmirəm. İki ildi bu komandadayam. Aqressivlik və dinamikanın aşağı düşməsini görürəm. Mənim üçün də naməlumdu.

- Rüstəm Əhmədzadə döyüşür. Ondan razısız?

- Rüstəm görünür ki, açıla bilir, hərəkətlidi. Düşünürəm ki, Azərbaycan futboluna çox xeyir verə bilər.

-  Yeni transferin mövqeyi nədir?

- Mərkəz yarımmüdafiəçisi.

- Bu mövsüm "Zirə" üçün daha çətin olacaq?

- Keçən il də asan olmadı. Amma bu il daha rəqabətli olacaq. İlk turlar da bunu göstərir. Çalışacağıq ki, keçən ilkindən də asan olsun. Zaman göstərəcək. Düşünürəm ki, yaxşı olacaq.