"Əvvəlki oyunlara fikir verdikdə, görərik ki, "Sumqayıt" "Neftçi"dən həmişə xal alır. Hətta udduğu da az olmayıb. Son matçda da hesabda 1:0 irəlidə idi. Çoxdandı bizdə 40-50 metr topla irəliləyib gözəl fəndlə, ustalıqla qol vuran futbolçu görməmişdim. Belə uşaqlarımız çox olsa, lap əla olar" Bu fikirləri Sport24.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mirvavadov deyib. 

Premyer Liqamızın son turu haqda danışan təcrübəli mütəxəssis "Sumqayıt" - "Neftçi" matçı heç-heçə nəticələnsə (1:1) də, hər iki komandanın qalib gəlməyə yaxın olmasını vurğulayıb: "Son saniyələrdə qapı tirindən qayıdan zərbə də oldu. Bilirsiniz, liderin oyunu bilməldi idi ki, bu, liderdi, qızıl medallar uğrunda mübarizə aparır. Yəni, futbolda qayda belədi, xal itirməməlisən çempionluq yolunda".

Mircavadov uzun müddətdi 1 xalla son pillədə gedən "Sabah"ın çox oyunu izlədiyini diqqətə çatdırıb: "Biri var meydançada mübarizə aparırsan, ora-bura qaçırsan, biri də var ki, futbol oynayırsan. Yəni, oynamaqla mübarizə aparmaq ayrı-ayrı şeylərdi. Əlbəttə, oynamağın, futbolun daxilində mübarizə var. Bu, olmadan topu ala, qapıya vura bilməzsən. "Sabah" çalışır ki, öz oyununu tutsun. Görürsünüz ki, heyəti tez-tez dəyişilir. Sizə deyim ki, onlarda psixoloji durum yaxşı vəziyyətdə deyil. Ümumiyyətlə, komanda bir-iki tur uduzanda ruhdan düşür. Ruh yüksəkliyini artırmaq üçünsə ilk növbədə məşqçilər korpusunda qətiyyən, xarakter olmalıdı. Ondan da keçir oyunçulara. Bir sözlə, "Sabah"a qarşıdakı turlardan birində mütəq lazımdı qələbə çalsın ki, özünə gəlsin". 

Mircavadov "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun komandasına öz oyununu vermək, futbolçuların da bunu meydanda göstərmək istədiyini diqqət yetirib: "Hal-hazırda baş məşqçi nə deyirsə, futbolçular ona qulaq asır və çalışırlar həmin stili saxlasınlar. Burda oyunçu seçimi var. Elə futbolçular var ki, oyununu axtarırlar. Axır matçlara fikir verirəm ki, "Zirə" qol vurur - bunu söhbəti yoxdu - ancaq qol da buraxır və üstünlüyünü hər zaman saxlaya bilmir. Bu problem var komandada. Məsələn, son turda Qəbələdə qələbəni əldən verdi, qapısında qol vəziyyətləri oldu və bunların birində top tora qovuşdu. Burda fiziki durum məsələsi var. Ancaq dəqiq deyə bilmərəm bunu, çünki komanda daxilində deyiləm. Hər halda, "Zirə" çalışır ki, iki hissəni də eyni səviyyədə keçirsin. Hardasa futbolçularda mövqe səhvləri olur, bunun söhbəti yoxdu. Ancaq baş məşqçinin nə fikirləri var, futbolçuları çalışır onu meydanda yerinə yetirsinlər. Bu, yaxşı şeydi".

Təcrübəli mütəxəssis vaxtilə futbolçusu, kapitanı olmuş Sadıqovun son turda kapitanlığı 18 yaşlı Cəlal Hüseynova verməsini təqdirəlayiq hal sayır: "Rəşad çalışır ki, bu gənc mərkəz müdafiəçisini özü kimi hazırlasın. Bu, yaxşı cəhətdi. Əlbəttə, hər baş məşqçi bu haqda düşünməlidi ki, özü necə oynayıbsa, elə bir futbolçu da hazırlasın. Maşallah, klublarımızda Qurban Qurbanovdan başqa hamısı gənc baş məşqçilərdi. Qurban da yaşlı deyil, söhbəti yox, sadəcə, böyük Avropa təcrübəsi var, onu bir qırağa qoyaq. Qurban artıq təkmilləşmiş, püxtələşmiş bir məşqçidi. Qalanları hazırlaşmalıdı, əksəriyyəti millidə də oynayıb. Rəşad da hazırlayır mövqeyində futbolçu. Kapitanlığa gəlincə, bu sarğı həmin gəncə bir avans verir ki, yüksək səviyyədə oynasın, eyni zamanda onu psixoloji durumdan qurtarır. Çünki adətən bizim gənc oyunçuların psixoloji durumları aşağı səviyyədə olur. İndi həmin oyunçunun özündən, xarakterindən asılıdı. Rəşadın xarakteri istək idi, çalışırdı, məşqlərdə çox işləyirdi. "Zirə"nin hazırlıq prosesində olmamışam, görməmişəm həmin futbolçunun məşqini. Sadıqov ona kapitanlıq verirsə, istəyir ki, yaxşı oyun keyfiyyətləri olsun".

Mircavadov "Qəbələ"də əsas heyət üzvü sayılmayan, hər dəfə sonradan meydana çıxaraq 4 qolla bombardiri olan hücumçusu Ülvi İsgəndərovun belə çıxışına təəccüblənmir: "Futbolda belə hallar olur. Elə oyunçuyla bağlı tutmaq lazımdı zamanı ki, hansı vaxt meydana buraxasan. Onu hazırlamaq lazımdı bu yöndə".

Həmsöhbətimiz son 3 turda uduzmayaraq artıq 7 xal toplayan "Keşlə"nin uğursuzluq zolağından tam çıxmasıyla bağlı tələsməməyi məsləhət görür: "Komandanın özünə gəlməyi o demək deyil ki, uddum, vəssalam, özümə gəldim. Birinci oyun lazımdı - əsas budu. Hansı oyunu oynayırdı, yaxşı vəziyyətdə idi, onu qaytarmaq lazımdı. Əlbəttə, qələbə bu yolda bir stimuldu və vacib amildi. Görək "Keşlə" sonrakı turlarda necə oynayacaq. Növbətisinə isə çox az qalıb".

74 yaşlı mütəxəssis "Səbail"in oynadığı süni örtüklü meydançanın çıxışına böyük təsir göstərməsiylə razılaşır: "Ümumiyyətlə, futbolda qazonun təsiri həddindən artıq böyükdü. Meydança süni örtükdürsə, bu, yaxşı vəziyyətdə olmalıdı. Bunun üçünsə ona qulluq, sulamaq, xüsusi texnikayla daramaq lazımdı. Bunların hamısı şərtdi ki, süni qazon yumşaq, təbii ot vəziyyətinə gəlsin. Nəticədə top tez getsin, futbolçuların ayaqları - əsasən aşağı hissəsi - əzələləri ağrımasın. Süni ot yeylibsə, onda asfaltdan da pisdi. Burda futbolçu əlbəttə, əziyyət çəkəcək".


 

MEHMAN SÜLEYMANOV