"Keşlə" bu həftəiçi Konfrans Liqasında "Soçi"ylə səfər matçında böyük hesabla uduzmaqla (0:3) yanaşı, aparıcı futbolçularından olan Rəhman Hacıyevi də itirdi. Belə ki, təcrübəli oyun qurucusu zədələnərək meydanı xərəklə tərk etməli oldu. Rəhmanla əlaqə saxlayaraq həm son vəziyyəti ilə maraqlandıq, həm də Konfrans Liqasına toxunduq.

- Hazırda zədən necədi?

- Pis deyil. Ağrı var, amma yaxşılaşmağa doğru gedirəm. Arxa əzələylə arxa nahiyənin birləşdiyi yer - əsəs sistemiylə bağlı oan sümük var. Onun üstünə düşmüşdüm. Nəticədə elə sinir ağrısı yarandı ki, tərpənməyə imkan vermirdi. Çox pis şeydi, çox pis ağrıdı. Tərpənə bilmədiyimə görə xərək gəldi. 

- Ağrı nə qədər çəkdi?

- 4-5 saatdan sonra buraxdı. Yeriyə bilmirdim heç. Bu müddətdə paltardəyişmə otağında uzaqnıqlı vəziyyətdə oldum. Sonra ağrı-ağrı yavaş kəsməyə başladı. 

- Həmin epizodda baş hakim qayda pozuntusu belə vermədi. Səncə, nə dərəcədə doğru qərar idi?

- Açığı, o ağrıdan sonra epizod da yadımdan çıxıb. Elə bir ağırı idi ki, hər şey yadımdan çıxmışdı. Allah heç bir futbolçunun başına gətirməsin. Mən topu götürəndə rəqib arxadan girdi. Bu zaman ayağım həmin nahiyəyə düşdü və ondan sonra unutdum olanları. 

- Karyeranda belə zədə olmuşdu?

- Yox, ilk dəfə başıma gəlir belə şey. Həkimimiz deyir ki, Ağabala Ramazanovun belə zədəsi olmuşdu. Həqiqətən çox pis şeydi. Çünki tərpənə bilmirsən, ağrı da çox güclüdü. İnanın ki, doğrudan belədi.

- İnanıram, çünki televiziyadan buna canlı şahid oldum ki, ağrıdan gözünü aça bilmirdin...

- Şükür Allaha ki, ciddi bir şey yoxdu indi. 

- Rentgen bunu göstərdi yəni...

- Bəli, rentgenə saldıq. Qorxulu bir şey yoxdu. 

- Cavab matçına hazırlaşa biləcəksən?

- Tək də olsa, bu gün yavaş-yavaş qoşulmaq, qaçmaq istəyirəm. Çünki hərəkət edirəm, ağrı yoxdu. Ancaq bir az dartılanda ağrı olur. O da həkim dedi ki, narahat olma, keçib gedəcək. 

- Soçidəki nəticəni nəylə əlaqələndirərdin? Səviyyə fərqi böyük idi, yoxsa siz hazırlıqlı deyildiniz?

- "Soçi" həqiqətən güclü komandadı. Fiziki baxımdan da üstün idilər. Ancaq özümüz çox boşluq buraxdıq, çox səhv etdik, rəqib də bundan istifadə elədi. Mən belə fikirləşirəm. İyulun 29-da Bakıdakı matç inşallah, daha fərqli olar. "Soçi" güclü ola bilər, ancaq biz də özümüzü zəif hesab eləmirik. Sadəcə, vuruşmaq, inanmaq lazımdı. İnşallah, daha yaxşı nəticə olar həmin gün. 

 

 

MEHMAN SÜLEYMANOV