"Kerjakovun "Səbail" variantı haqda Rusiya mətbuatında yazılandan xəbərim var. Bu haqda deyə bilmərəm ki, nədən qaynaqlanır. Nədən olur bilmirəm, amma belə bir söhbət yoxdu". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"id idman direktoru Fərəc Əliyev deyib. 

Rusiyanın nüfuzlu "Sport-Express" qəzeti Aleksandr Kerjakovun paytaxt klubunun baş məşqçisi olacağını iddia edib. Hazırda "Səbail"in baş məşqçisi Mahmud Qurbanovdu, lakin onun uğursuz nəticələrə görə istefaya göndəriləcəyi barədə xəbərlər yayılıb. "Professor" ləqəbli, PRO kateqoriyalı mütəxəssisi əvəzləyəcək məşqçilər arasında isə yerlilərlə yanaşı, bir neçə əcnəbinin də adı çəkilir.

Əliyev bu xəbərin ona təəccüblü gəldiyini etiraf edib: "Bilmirəm hardan çıxıb ki, niyə məhz Kerjakov, niyə məhz "Səbail". Xeyr, hazırda bizdə baş məşqçi dəyişikliyi gündəmdə deyil. İndi Qəbələyə səfərə hazırlaşırıq, hazırda fikrimiz "Qəbələ" ilə qarşıdakı matçadı. Sonra çempionatda "Sumqayıt"la səfər görüşümüz, "Qarabağ"la ev qarşılaşmamız var. Bu arada həmçinin "Sabah"la Kubokun 1/4 final oyunlarımız var. Hələ ki bu matçları fikirləşirik. Son turda “Neftçi” ilə matçımızı izləmisiniz. Məncə, ikinci hissə daha yaxşı oynadıq, qol şanslarımız da vardı. Amma onlardan yararlana bilmədik. Futbolun gözəlliyi də ondadı - elə bilirsən ki, qoldu, amma son anda top qapıya girmir (gülür). Bu da olur".

Bəs, komandanın nəticələrinə əsasən qış fasiləsində baş məşqçi dəyişikliyi gündəmə gələ bilər? Əliyevi dinləyək: "Yenə deyirəm ki, hələ ki oyunlarımıza köklənmişik. Bu ilin sonunadək beş matçımız var. Fikirmiz yoxdu ki, baş məşqçini dəyişək. Həmişəki kimi dəstəkləyirik baş məşqçini. Komandanın cari mövsümdəki nəticəsinə gəlincə, yeni işbirliyinə başlamışıq, baş məşqçimiz yenidi. Mahmud Qurbanova vaxt lazımdı. Əsas odur ki, baş məşqçimizi dəstəkləyirik. Onun hər bir qərarına da razıyıq, yanındayıq. Oyunlarımız var, özü də çox vacib. Qəbələ səfərimiz çox çətin olacaq. Əlbəttə, çətn qrafikimiz var fasiləyədək.  Ümumiyyətlə. sizə deyim ki, bu mövsüm zəif rəqib yoxdu".

Xatırladaq ki, "Səbail" bu yay baş məşqçi postuna gətirdiyi 49 yaşlı Qurbanovla 2 illik müqavilə imzalayıb.  

 

 

MEHMAN SÜLEYMANOV