"Bu həftənin sonundan - şənbə və bazar günlərindən etibarən Region Liqasında yeni mövsümə start veriləcək. Əvvəlki illərdə olduğu kimi, çempionat 5 zonada təşkil olunacaq. Paytaxt və Şimal zonasında komanda sayı 9 olduğuna görə mübarizə 2 qrupda gedəcək. Burda Qusar təmsilçiləri ilə Quba "Şahdağ"ından 2-nin eyni, 1-nin o biri - 4 komandalı qrupda olması nəzərdə tutulmuşdu". Bu fikirləri Sport24.az-a açıqlamasında AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Departamentinin rəhbəri Yusif Vəliyev bildirib. 

20 aylıq fasilədən sonra Region Liqasında mübarizə yeni mövsümün startıyla bərpa olunacaq. Yarışın formatı və reqlamenti haqda məlumat verən Vəliyev hər qrupda 1-ci yeri tutan komandanın birbaşa pley-off mərhələsinə vəsiqə qazanacağını vurğulayıb: "İkinci pillənin sahibləri isə bir-birləriylə ev-səfər oyunları keçirdikdən sonra qalib komanda pley-offa yüksələcək. Yəni, Paytaxt və Şimal zonasından da 3 komanda digər zonalardakı kimi növbəti mərhələdə iştirak edəcək. Buna formal olaraq 1/8 final mərhələsi deyə bilərik. Daha sonra 1/4 final mərhələsi təşkil olunacaq. Əvvəlki illərdə olduğu kimi, Naxçıvan Muxtar Respublikası zonasından qalib komanda birbaşa yarımfinal mərhələsinə qoşulacaq".

Departament rəhbəri koronavirus pandemiyası ilə əlaqədar Əsasnamədə əsas müddəaların göstərildiyini diqqətə çatdırıb: "Bütün komandaların həmin tövsiyələrə əməl etməsi bir daha xahiş olunur. Hər hansı bir futbolçuda hərarət normadan yüksək olarsa, onu bir müddətlik kənarlaşdırmağı rica edirik. Ümumilikdə oyunlar yalnız həftənin şənbə və bazar günləri keçiriləcək. Təqvimin hər həftənin bazar ertəsi saat 16:00-a kimi müəyyənləşdirilməsi nəzərdə tutulub. Yalnız ilk turda çərşənbə axşamı saat 16:00-a kimi vaxt təyin olunacaq. Ev sahibi olan komanda oyununu şənbə və ya bazar gününə salmaq üstünlüyünə malikdi. Tövsiyə olunur ki, bunu rəqib komandayla danışıb razılaşdırsın. Ancaq istənilən halda, meydan sahibi olan komanda vaxtı təyin edəcək. Rəqiblər eyni şəhəri təmsil edirsə, saat 13:00-dan etibarən hər hansı bir saata oyunu sala bilərlər. Qonaq komanda digər şəhərdən gəlirsə, saat 14:00-dan erkən salmağa icazə verilmir, ondan sonra istənilən bir saata vaxtı təyin edə bilərlər. Hər iki komanda öz aralarında razılaşıb bizim şöbəyə məlumat verərsə, oyunu həftənin 1-ci və ya 5-ci gününə keçirə bilərlər. Ancaq bunun üçün hər iki komandanın bizə həmin həftə ərzində rəsmi müraciəti lazımdı".

Məlum olduğu kimi, Region Liqasında bütün iştirakçı komandalar AFFA tərəfindən formayla təmin olunacaq. Matçlarda forma seçimində ev sahibi komandaya üstünlük veriləcək: "Səfərə gedən komandanın özüylə iki dəst forma götürməsi tövsiyə olunur. Yaxşı olardı ki, hər iki komanda bir-biriyə öncədən formanın rəngini aydınlaşıdrsın. Təhlükəsizlik və tibbi təminat birbaşa ev sahibi komandanın məsuliyyətindədi. Bunlar təmin olunmazsa, təbii ki, matç baş tuta bilməz və buna görə meydan sahibinə AFFA İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilə bilər. Bundan başqa, əsassız və razılaşma olmadan, hər hansı bir xırda, Əsasnaməylə nəzərdə tutulmayan səbəbə görə oyunun təxirə salınmasıyla bağlı müraciətlər qəbul olunmayacaq. Əsasnamədə matçın təxirə salınmasının konkret səbəbləri göstərilib. Oyunun təxirə salındığı müddətdə də hər iki komanda növbəti 3 gün ərzində, görüşün 10 gün ərzində baş tutacağı tarixə bağlı razılıq əldə edib AFFA-ya bildirməldi. 3 gün ərzində hər hansı bir razılaşma olmazsa, o zaman AFFA tərəfindən müvafiq vaxt təyin olunacaq. Təbii ki, təxirə salınmış oyunlar həftəiçi təşkil olunacaq. Bu, həftənin 3-cü və ya 4-cü gününə nəzərdə tutulub".

Vəliyev ümumilikdə komandalara "Fair Play" qaydalarına riayət etməsinin tövsiyə olunduğunu vurğulayaraq, azarkeş məsələsinə də toxunub: "Nəzərə alsaq ki, bir çox komandaların matçlarında bu gündəmdədi. Azarkeşlər oyunlara gələcək və onlar Region Liqasına əsas rəng qatanlardı. Amma bunun pandemiya şəraitində məsuliyətini birbaşa ev sahibi komanda daşıyır. Belə ki, stadionun tamaşaçı tutumuna əsasən 50 faizinə azarkeşlərin buraxılmasına icazə verilir və onların sosial məsafəsi gözlənilməlidi. Bir daha bütün komandaları yeni mövsümün startı münasibətilə təbrik edərək, onlara uğurlar arzulayırıq. Qoy, layiqli olan qalib gəlsin".

Onu da bldirək ki, paytaxtı təmsil edənlər istisna olmaqla digər iştirakçı komandalar ilk turadək "Bakcell Arena"dan formalarını ala biləcəklər. 

 

 

MEHMAN SÜLEYMANOV