Sabah UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində “Neftçi" Avstriyada “Rapid”in qonağı olacaq. Sport24.az-ın Vyanaya ezam olunmuş əməkdaşının məlumatına görə, “ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf qarşılaşmanın baş tutacağı “Alyans” stadionunun konfrans zalında media əməkdaşlarının qarşısına çıxıb.

- Bura yenidən qələbə qazanmağa gəlmişik. Bilirik ki, bizə çətin olacaq. Əminəm ki, onlar ilk görüşdəkindən daha yaxşı hazirlasacaqlar. Bura hesabı qorumağa gəlməmişik.

- Vyanada Bakıya əlverişli nəticəyə dönmək üçün ilk növbədə bizə nə lazımdı?
- Biz bura döyüşməyə gəlmişik. Komandama inanıram. Uğur üçün kifayət qədər gücümüz var. Yetərincə təcrübəli oyuncumuz var. 

- Kiprdəki məğlubiyyətin əvəzini çıxmaq üçün Bakı döyüşü var idi. İndiki halda isə budrəmə Konfrans Liqasına “əlvida” deməkdi. Bunu heç birimiz istəmirik və sualım məhz bu yondədi ki, hesabda geri düşsək, futbolçuları ayıltmaq üçün Bakıdan xüsusi həb gətirmisinizmi?
- Mənim mesajlarım çox aydındı. Bakıdakı oyundan sonra da demişdim ki, cavab görüşündən də pozitiv nəticəylə dönmək istəyirik. Rəqibin gücünə bələdik. Onların hücum xəttində yetərincə keyfiyyətli futbolçular var. Hesabda geri düşsək də, dönüş yaratmağa gücümüz kifayət qədərdi.

- Komandamızın fiziki durumu nə yerdədi?
- Biz bu iki oyun arasında çempionatda da oynadıq. Oyunçuları hazırlamaq üçün vaxtımız az oldu. Bakıda rəqibə qol şanslarını özümüz yaratdıq. İnanıram ki, funksional durumumuz yaxşı olacaq.

- Ötən oyun Kenni və Eminin hiyləgər ara pasları ilə qalib gəlmişdik. Rəqib yəqin ki, oyununuzu təhlil edib. Rəqibə yeni sürpriz hazırlamısınız?
- Bu, təbiidir. Sanki şahmat oynayırıq. Hər kəs rəqibini yaxşı təhlil edib ən güclü gedişləri etməyə çalışır. Biz yetirmələrimizə ən yaxşısını öyrətməyə çalışırıq. Ancaq son gediş futbolçulardan asılı olur. 

- Vaxtilə Roman Qriqorçuk qrupa düşəcəyi təqdirdə milli “kepka”mızı qoyacağını söz vermişdi və ona bu hədiyyə edilmişdi. Siz necə, bizim “kepka”ya hazırsınız?
- Bizi sabah çox ciddi rəqib gözləyir. Gəlin, əvvəlcə Avstriyanın ən tanınmış klublarından olan “Rapid”i keçək. Mən sizə hər şey söz verməyə hazıram, təki sabah sevinən tərəf biz olaq.

 

 

CEYHUN ƏLİYEV, Vyana