Futbolda prinsipial məqamlardan biri sabiqlərlə bağlıdı. Çünki keçmiş komandalarıyla matç futbolçu üçün adi görüş ola bilməz. Premyer Liqamızın son turunda da sabiqlər diqqət mərkəzində oldu. 

Bu, əsasən açılış matçında idi. Belə ki, müdafiəçilər Ürfan Abbasovla Məqsəd İsayev yay fasiləsində "Səbail"dən "Qəbələ"yə, legionerlər - albaniyalı Yurgen Qoxa ilə sloveniyalı Nikolas Raysel əks düşərgəyə yollanmışdılar. Qəbələdəki duel yerlilər üçün çox uğurlu, əcnəbilər üçün çox uğursuz alındı. Hər halda, "Qəbələ"nin 5:0 hesablı qələbəsi bunu deməyə əsas verir. 

Burda əsas maraqlı məqam Raysellə bağlıdı. Məsələ ondadı ki, "Qəbələ"in son dəfə 5:0 hesablı qələbəni qazananda Nikolas onun heyətində məhz Qəbələdə bu sevinci yaşamışdı. Özü də bu hücumçu 1-i penaltidən olmaqla 2 qol vuraraq qələbədə əsas pay sahibi olmuşdu. "Sumqayıt"la bu matç 2020-ci ilin martın 7-də keçirilmişdi və bundan sonra ölkəmizdə koronavirus pandemiyasına görə karantin başladığından həmin mövsüm yarımçıq dayandırılmış və sonadək başa çatdırılmamışdı. İndisə Raysel Qəbələdə 0:5-in acısını daddı.

Yay fasiləsinin ən gurultulu transferlərindən olan Sezar Meza Kolli bunadək "Neftçi"də avrokuboklarda debüt etsə, hər 3 turnirdə (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) meydana çıxsa da, oyunuyla daha çox tənqidlərlə məruz qalmış, qol hesabını da aça bilməmişdi. 30 yaşlı paraqyalı yarımmüdafiəçinin bu göstəricidə "siftə"ni məhz keçmiş komandası, karyerasının ən yaxşı illərini "Keşlə"ylə etmək qismətində imiş

Millimizin sabiq müdafiəçisi Ruslan Abışovun yayda keçdiyi "Zirə"də isə debütü sabiq klubuna - "Sabah"a qarşı olması diqqət çəkdi.. Bununla da 34 yaşlı Abışov Azərbaycan karyerasında 6-cı klubda debüt elədi. O, bunadək "Neftçi", "Xəəzr Lənkəran", "Qəbələ", "İnter" ("Keşlə") də oynayıb. 

Son tur bir sıra uğursuz seriyaların davamının da olmasıyla yadda qaldı. "Keşlə" keçən çempionatda "abunəçi"si olduğu "Neftçi"dən ardıcıl 6-cı məğlubiyyətini aldı. "Sumqayıt" isə 6 ildir "Qarabağ"a səfərdə bir qayda olaraq uduzur ki, bu. artıq 12 matç təşkil edir. "Zirə" ardıcıl 4-cü mövsüm Premyer Liqada çıxış edən "Sabah"la yenə evdə qələbə üzünə həsrət qaldı. Yeri gəlmişkən, Rəşad Sadıqov "qartallar"ın baş məşqçisi kimi ilk məğlubiyətini Premyer Liqada məhz "Sabah"dan Zirədə alıb - 0:2. "Səbail" isə 5-ci ildi çıxış etdiyi güclülər dəstəsində Qəbələdən hələ qələbəylə qayıda bilməyib. 

 

 

MEHMAN SÜLEYMANOV