Premyer Liqanın hesabat turunda dünən keçirilən "Səbail" - "Neftçi" matçında ən yaddaqalan epizodlardan biri meydan sahiblərinin futbolçusy Rauf Əliyevin ağır zədələnməsi oldu. Belə ki, fasilədən dərhal sonra meydana çıxan 32 yaşlı hüumçu rəqib futbolçu Mamadu Kaneylə toqqoşmadan sonra qaşı partladı. Nəticədə cəmi 24 dəqiqə meydanda olan Rauf nəinki əvəzlənməli, dərhal xəstəxanaya da çatdırılmalı oldu. Zədə aldığı yerə üç tikiş qoyulan Əliyev Sport24.az-a müsahibəsinə bununla başladı.

- Qaşım partlamışdı, vəziyyət pis olduğundan xəstəxanaya aparılmağım, orda tikiş qoyulmağı lazım gəldi. Qaşım çox açılmışdı. Biri var düzünə partlamaq, biri də var gül kimi açılmaq. Haça kimiydi, sağ-sola parçalanma vardı. Belə maraqlı partlamışdı, qan da çox getmişdi. İndi yaxşıyam. 

- Epizodu necə xatırlayırsan? Mamadu Kaneylə hava mübarizəsində baş-başa dəydin...

- Top göydə və Kane də arxası mənə olaraq görmürdü. Başını arxaya qoydu və tutdu qaşımı. Hardasa altdan yuxarı zərbə kimi bir şey oldu. Bu üzdən qaşım açıldı, çox qan getdi. 

- Bir növ boks zərbəsi idi...

- Hə, axır vaxtlar çox olur. Keçən dəfə "Sabah"la matçda alnım partlamışdı. Çox əsəbiləşdim. Bundan sonra iki həftə keçmiş qaşımın partlamağı daha da əsəbiləşdirdi mənə. 

- Başa düşürəm ki, idman mübarizədi. Ancaq tez-tez belə zədə almağına nə izah tapırsan - "qara zolaq"dı, "qara kabus" kimi səni izləyir?

- Olur da, həyatdı. Əsas odur ki, ciddi bir problem olsun. Baş, qaş partlamağına öyrəşmişik, artıq neçənci dəfədi baş verir. 

- Bəlkə əsas səbəb mübariz olmağın, döyüşkən keyfiyyətlərinlə bağlıdı? Çünki bütün mübarizələrə çəkinmədən girirsən, başını topa, rəqibin ayağına, hər yerə qoymağa hazırsan...

- Elədi. Hər epizoda müdaxilə edirəm, hər topa başımı qoyuram. Amma bəzən elə yer var ki, artıq özümdə günah bilirəm - burda bunu etməyin lazım deyildi. Bəzən belə epizodlar da olur.

- Misal üçün...

- Elə keçən dəfə alnım partlayanda toqquşma epizodunu. Onda boş yerə getdim, heç nədən topa başımla girdim. Nəticədə başa-başa dəydik "Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadəylə.

- Karyeranda ən yaddaqalan zədən hansı olub?

- Zədəm o qədər olub qardaş (gülür). "İnter"də çıxış edəndə xəstəxanada ayılmışdım. Onda başıma təpik dəymişdi. Dünən "Qəbələ"dən Asif Məmmədov zəng edib vəziyyətimi soruşur və deyir ki, heç boksçular bu qədər sənin kimi başından zədə almır (gülür). 

- Sözündə həqiqət var. Bokçusan sanki, futbolçu yox...

- Bayaq dediyin kimi, hər epizoda girişirəm, başımı qoyuram. Sonda nəticə də belə olur. 

- Kaneni deyə bilmərəm, ancaq "Neftçi" tərəfdən vəziyyətinlə maraqlanan oldumu?

- Öz komandamızdan da, "Neftçi"dən də uşaqlar maraqlandılar. Dost-tanış hamı bunu edirdi, sağ olsunlar. 

- Hesabı yəqin, yolda öyrəndin...

- Bəli, huşum özündə idi. Mən çıxanda hesab 0:2 idi. Yolda olduğumda artıq oyun quratdı, bildim ki, 0:4 uduzmuşuq. 

- Təəccübləndin buna? Hesab oyuna görə oldumu?

- "Neftçi" üstün oynadı, oyunla bunu göstərdi. Çox hücum, təzyiq edirdi. Sona 3 tur qalıb, çempionluğa namizəddi. Buna görə bilirdik reallığı, bu təzyiqi hiss edirdik. Biz də adi qollar buraxdıq. İlk qol standart vəziyyətdən oldu. Əslində, orda heç künc cərbəsi yox idi. Çünki top "Neftçi"nin futbolçusu Yusuf Lavaldan çıxmışdı, ancaq hakim künc zərbəsini göstərdi. Bu da yekunda gəlib qapımıza qol oldu. Bir az da oyuna yaxşı girə bilməmişdik, bunun da təsiri vardı. Anaq bu hesabla uduzacağımıza inanmırdım. Bir az hardasa futbolularımızda da inamsızlıq var idi. Görünürdü ki, matça tam istəkli köklənə bilməmişdilər.  

- "Neftçi"yə bu mövsüm bir qayda olaraq uduzdunuz, özü də 1-ci 0:4 deyil. Niyə bu komandayla bacara bilmirsiniz? Amma "Qarabağ"dan bu mövsüm Bayılda 4 xal götürdünüz...

- Ola bilər ki, "Neftçi"ylə matçlarımız çox tərs gəldi. Əslində, "Bakcell Arena"dakı görüşdə də 60-cı dəqiqəyədək hesab yalnız 0:1 idi. Bizim də imkanlarımız vardı, onların da. Heç kim inanmazdı ki, sonda gəlib belə hesab baş verəcək. Orda da ardı-ardı qollar buraxdıq, sap söküyü kimi gəldi qapımıza toplar. Bu dəfə isə ümumi komanda kimi zəif çıxış etməyimiz də mümkündü. "Neftçi" çox yaxşı futbol göstərdi dünən və layiqli qələbə qazandı.

- Səncə, hər şey son turda çempionluq matçına doğru gedir?

- Nə bilim vallah...Hər iki komandaya da uğurlar arzulayıram. Hər ikisi keçmiş komandalarımdı, hər ikisində dost-tanışlarımız çıxış edir. Kim layiqdirsə, kim qazanacaqsa çempionluğu, indidən təbrik edirəm. Deyərdim ki, ikisinin də bu mövsüm haqqı var. İkisi də futboluyla göstərir ki, güclüdü. Kim layiqdirsə, o da çempion olsun.

- Yetirməsi olduğun "Qarabağ" sənə bir köynək daha yaxın deyil ki, onun çempion olmağını daha çox istəysən?

- Hələ seçmək istəmərəm. Hər iki komandaya uğurlar arzu edə bilərəm. İkisi də Azərbaycanındı, doğma komandalarımızdı. 

- Və sonda. Gələcək karyeranla bağlı planların necədi? Oynamağa gücün var, sadəcə, "Səbail"də qalacaqsanmı? Növbəti mövsümlə bağlı sizə nə deyiblər?

- Bugünkü gündə tək bildiyimiz odur "Səbail" yaşayacaq. Ancaq təfərrüatları bilmirik. Yəqin, belə şəraitdə olacaq. Dediyin kimi, oynamağa gücüm var. Alınarsa, qismət olarsa, burda çıxışımızı davam etdirəcəyik. 

 

 

 

MEHMAN SÜLEYMANOV