"Sevindirici haldır ki, "Şahdağ Qusar" uzun fasilədən sonra Birinci Liqaya qayıtdı. Bu münasibət ilə azarkeşlərimizi, Qusar camaatını, rəhbərliyimizi təbrik edirəm. Baxmayaraq ki, sona bir neçə tur qalmış Birinci Liqaya vəsiqə qazanmışıq, bu heç də bizi rahatlaşdırmır. Kənardan asan görünə bilər, ancaq ağır oyunlarımız oldu. Futbolçular, azarkeşlər, rəhbərliyimiz əziyyət çəkdi, sonda istəyimizə nail olduq". Bu sözləri Sport24.az-a açıqlamasında "Şahdağ Qusar"ın kapitanı Rahid Əmirquliyev deyib.
Ötən gün İkinci Liqanın 20-ci turunda lider "Şahdağ Qusar" "Hypers Quba"ya 2:1 hesabı qalib gələrək sona 6 tur qalmış Birinci Liqaya vəsiqəni təmin edib. Qusarlıların kapitanı mövsümü çempion kimi başa vurmaq istədiklərini də vurğulayıb:
"Əsas məqsədə çatsaq da, mövsümü ilk pillədə başa vurmaq istəyirik. İkinci yerdən 3 xal öndəyik. Qarşıda çətin matçlar var. Arxayınlaşmaq olmaz. Çempion olmaq üçün əlimizdən gələni edəcəyik".
35 yaşlı futbolçu karyerası ilə bağlı qərar vermədiyini açıqlayıb:
"Karyeramla bağlı qərar verməmişəm. Bilinmir növbəti mövsüm Birinci Liqada oynayacam, ya yox. Hələ bu haqda düşünmürəm. Mövsüm başa çatandan sonra bu barədə fikirləşəcəm".
Qeyd edək ki, "Şahdağ Qusar" İkinci Liqada 20 turdan sonra 58 xalla liderdir.