"Cəbrayıl"la oyunlarımız həmişə çətin keçib. Bu dəfə də qalib gəlib turnir cədvəlində xal ehtiyatımızı artırmaq istəyirdik, amma təəssüf ki, alınmadı". Bu sözləri Sport24.az-a Birinci Liqa təmsilçisi "Şahdağ Qusar"ın prezidenti və kapitanı Rahid Əmirquliyev deyib.
Təcrübəli futbolçu komandasının ötən gün Birinci Liqanın 22-ci turunda "Cəbrayıl"la heç-heçə etdiyi oyun haqda fikirlərini bölüşüb:
"3 xal itirdiyimizi deməzdim. Hər iki komanda qalib gələ bilərdi. Qol vurmaq üçün imkanlarımız oldu, lakin onları dəyərləndirə bilmədik. Düşünürəm ki, qarşılaşmanın ədalətli nəticəsi heç-heçə idi".
36 yaşlı futbolçu karyerası ilə bağlı da açıqlama verib:
"Mövsümün sonuna az qalıb. Növbəti il karyeramı davam etdirib-etdirməyəcəyim hələ məlum deyil. Ümumiyyətlə, növbəti mövsümlə bağlı planlarımız dəqiqləşməyib. İstərdik ki, gələn mövsüm komandamız çempionluq uğrunda mübarizə aparsın. Qarşıda hələ vaxt var. Hazırda əsas məqsədimiz xal toplayaraq turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmaqdır".
Qeyd edək ki, "Cəbrayıl" - "Şahdağ Qusar" qarşılaşması 0:0 hesabı ilə başa çatıb.