Azərbaycan Kubokunun I təsnifat mərhələsi yekunlaşmaq üzrədi. Bu mərhələnin maraqla gözlənilən qarşılaşmalardan biri də “Qusar” - “Şahdağ Qusar” matçı idi. Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutan görüşdə 90 dəqiqə və əlavə vaxt qosuz başa çatdığından cütün taleyi “loteraya”da həll olundu ki, burda daha dəqiq olan “Qusar” növbəti mərhələyə yüksəldi. 

Matçdan sonra Sport24.az-ın suallarını cavablandıran “Şahdağ Qusar”ın kapitanı Rahid Əmirquliyev həm matçla bağlı fikilərini bölüşdü, həm də bizi maraqlandıran başqa sualları cavablandırdı.   

- Gərgin və maraqlı mübarizənin sonunda növbəti mərhələyə vəsiqə qazandız. Matçın belə ağır keçəcəyini gözləyirdiz?

- Bəli, bilirdik ki, bizi çox çətin qarşılaşma gözləyir. “Qusar”la çempionat oyununda da bərabərə qalmışdıq. Matçdan öncə bizi nəyin gözlədiyini bilirdik və buna hazırlaşmışdıq. Hətta əlavə vaxtın olacağını da nəzərə almışdıq. Heç şübhəsiz ki, kubok qarşılaşmaları çempionat oyunlarından fərqlənir. Bu cür görüşlərdə bir qol matçın taleyini həll edə bilər. Buna görə hər iki komanda çalışırdı ki, diqqətli olsun, səhvə yol verməsin. 

- Yekun nəticə “lotoreya”da müəyyənləşdi. Penalti vuruşlarından öncə nə düşünürdün? Uğurlu olacağınıza inam var idi?

- Mən harda oynamışamsa, komandama inanmışam. Bu dəfə də inanırdım ki, qələbə bizim olacaq. Düzdü, “lototeya”da hər şey ola bilər. Ancaq şükürlər olsun ki, sonda sevinən tərəf biz olduq. 

- Hazırda Qusarda 3 komanda var. Onlardan 2-si II Liqada, biri isə Region Liqasında çıxış edir. Səncə, Qusar kimi kiçik rayona 3 komanda çox deyil? Olmaz ki, bu komandaları bir bayraq altında birləşdirib, daha yüksək hədəflər uğrunda mübarizə aparasız?

- Əlbəttə, olar. Bir komanda formalaşdıra bilsək, daha güclü və iddialı kollektivlə meydana çıxa bilərik. Ancaq bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki, hər komandanın öz rəhbərliyi var. Bu məsələ rəhbərlər səviyyəsində həll olunmalıdı. 

- Zəngin karyeraya malik biri kimi bəlkə sən bu missiyanı üzərinə götürəsən... Hər halda klub rəhbərləri, Qusarın futbol ictimaiyyəti nüfuzlu veteran futbolçu kimi səni eşidər...

- Belə təkliflə çıxış etsəm, bəlkə də məni eşidərlər. Ancaq “Qusar” və ya “Şahdağ Qusar” rəsmiləri öz aralarında razılaşa bilərlərmi? Əsas nüans budu. Mən də istəyərəm ki, rayonda yaxşı, iddialı komanda olsun. Xeyli vaxtdı Qusarda böyük futbol yoxdu. Daim stadionu dolduran azarkeşlərimiz böyük futbol üçün darıxıb. 

- Rahid Əmirquliyevi nə vaxtsa baş məşqçi kimi I Liqada və ya elitada görə bilərik?

- Artıq məşqçi karyerasına başlamışam. Bildiyiniz kimi “Səbail”in U-19 komandasına köməkçiyəm. İstəyirəm bu yaxınlarda B kateqoriyasını da oxuyum. İnşallah, məşqçi olmaq fikrim var. Ancaq buna nə dərəcədə nail olacağımı, elitada çalışıb-çalışmayacağımı zaman göstərəcək. Bəlkə də başqa sahədə olacam. Açığı, baş məşqçi olmağı düşünürəm. 
RƏŞAD QASIMOV