Premyer Liqamızın qarşıdakı turunu 5 futbolçu cəza üzündən buraxacaq. Sport24.az xəbər verir ki, "Qəbələ" 2 cəzalı futbolçusu olduğundan, ən ciddi problem yaşayandı.

Belə ki, "qırmızı-qaralar"da "Sumqayıt"la səfərdəki sabahkı vacib matçını əsas hücumçusu Ceyms Adeniyi buraxacaq. Komandanın bombardiri olan nigeriyalı forvard cari çempionatda aldığı 4-cü sarı vərəqənin acısını çəkir. "Qəbələ"nin gürcü yarımmüdafiəçisi Merab Qiqaurinin isə 3 oyunluq cəzası bu turda başa çatır.

"Zirə"də bir cəzalı futbolçu olsa da, onun da hücum xəttində ciddi problem yaranıb. Çünki komandanın kapitanı da olan bombardiri Ağabala Ramazanov 4-cü "sarı"ya görə vərəqə limitini aşdığından, "Neftçi"ylə sabahkı səfər görüşünü buraxacaq.

"Sabah"da cəza problem mərkəz yarımmüdafiəçisi Aleksey İsayevlə bağlıdı. Millimizin üzvü həmin səbəbdən "Keşlə"ylə birgünkü səfər matçını kənardan izləyəcək.

Nəhayət, "Səbail"də müdafiəçi Məqsəd İsayev "Qarabağ"la sabahkı ev qarşılaşmasında meydana çıxa bilməyəcək. Buna səbəb onun keçən turda 2-ci sarı vərəqəyə görə meydandan çıxarılaraq 1 oyunluq cəzalı olmasıdı.