"Turun məşqçisi olmaq mənə xoş xəbər oldu. Verilən bu dəyərə görə saytınıza görə təşəkkürümü bildiirəm. Bu qiymət eyni zamanda məsuliyyətdi. Daha da məsuliyyətli olmalı, işimizə davam eləməliyik. Premyer Liqamızdakı bütün baş məşqçilər çalışqandı, hamısının iş prinsipilərinə az-çox bələdəm. Əlbəttə, Qurban Qurbanov nəticələri ilə hamımızdan seçilir, böyük Avropa təcrübəsi var. Onu fərqləndirərdim". Bu fikirləri Sport24.az-a açıqlamasında "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov deyib. 

Premyer Liqamızın keçən turunda uğurlu əvəzetməsiylə yadda qalan, cəzadan qayıdan kamerunlu hücumçusu Anatole Abanqı meydana buraxmaqla onu qələbə topunun müəllifi, turun qəhrəmanı edən, özü isə turun baş məşqçisi olan 41 yaşlı mütəxəssis daxili hissiyyatına həmişə güvəndiyini ifadə edib: "Rəqibimiz "Səbail" idi, onu analiz eləmişdik və Abanqın yerini həmin mövqedə gördük. Həftəboyu hazırlıq planında oyunu iki hissəyə bölmüşdük. Matçın gedişatı da göstərdi ki, Abanqı artıqq ikinci hissədə planlaşdırdığımız kimi meydana buraxaq. O, rəqib müdafiəçilərlə birəbir mübarizələrdə qalmalı, qalib ayrılmalı idi. Bilirdik ki, Anatole çıxıb bizə kömək edəcək. Aldığı qırmızı vərəqədən sonra özü də çox peşman olmuşdu. Əməlli-başlı cərimələr də ödədi. Hər bir futbolçu başa düşməlidi ki, klubla müqavilə bağlayıbsa, daim onun məşqlərində, oyunlarına olmalı, aldığı pulun qarşılığını verməlidi. Bütün oyunçularla bu yöndə söhbətlərimiz durmadan davam edir".

Qurbanov hələ "Qəbələ"də ukraynalı baş məşqçi Roman Qriqorçukun köməkçisi olduğu zamanı avrokuboklarda ilk dəfə mərhələ adlayanda - Tifis "Dinamo"suyla evdəki cavab matçında uğurlu əvəzləməylə bağlı məqamı xatırlayıb: "Bilirsiniz, hər zaman oyundan qabaq nəsə fikirləşirsən, oyunun içində də. Alınanda da alınır, alınmayanda da yox. Fikirləşirsən ki, bunu eləsən, yüz faiz alınacaq, daxildən də bir pozitivlik gəlir. Hərdən ürəyinin səsinə də qulaq asırsan. "Dinamo"yla Qəbələdəki həmin matçda iki variant var idi. Bunlardan bir sonda qol müəllifi olan Asif Məmmədovla bağlı idi. Mən də Qriqorçuka Məmmədovu buraxmağı tövsiyə elədim. Sözün düzü, Asifin çıxıb penalti qazanacağını gözləyirdim, qol vurmağını yox (gülür). Daha çox meydançaya, görüntülərə, futbolçuların son duruma inanıram. Futbolçu formada deyilsə, yuxuda qol vurduğunu görsə belə, bunun reallaşması möcüzəyə bərabər bir şeydi. Buna görə çalışıram daha realist olum".

Bugünsə Qurbanov məşqçi kimi ilk addımlarını atdığı, böyük təcrübə qazandığı "Qəbələ"ylə rəqib olaraq görüşəcək. Gənc mütəxəssis "Keşlə"nin son turlardakı uğurlu seriyasını davam etdirməyi hədəfə alıb: "Belə məqamlarda çox yaxşıdı ki. qarşıdakı sınağa tam köklənəsən. Əlbəttə, ilk dövrədə çox xal itirdik, ancaq ruhdan düşmədik, toparlandıq, daha da məsuliyyətli olduq. Nəticədə son 3 oyunda məğlub olmadıq, artıq 7 xalımız. Hər zaman çalışırıq ki, məqsədimizə çataq. Bu yöndə işləyirik, iclaslarımız, məşqlərimizdə fikrimiz buna çatmaqdı. Əlbəttə, uzun illər çalışmışam "Qəbələ"ni, yaxşı tanıyıram onu. Çalışacağıq ki, seriyamızı davam etdirək. Sonda necə alınacaq - bunu artıq zaman göstərəcək. Əlbəttə, burda ağıllı davranmaq lazımdı ki, məqsədinə nail olasan.Həftənin əvvəlindən bütün fikirlərimiz, çalışmalarımız "Qəbələ"ylə bağlı oldu. Çempionatın növbəti oyunudu, xüsusi yanaşmam yoxdu. Daha çox özümüzü fikirləşirik ki, bu uğurlu seriyanı davam etdirək".

"Keşlə" bu matçda aparıcı futbolçularından biri olan yay transferi Felipe Santosun xidmətindən yararlana bilməyəcək. Bu da braziliyalı hücumçunun cəzalı olmasıyla bağlıdı. Ancaq baş məşqçisi Felipeni əvəzləyəcək futbolçuya güvənir: "Son matçlarda daha çox kompakt müdafiə olunuruq, daha çox əks-hücumlara, daha çox komanda oyunuan üstünlük veririk. Əlbəttə, Santos önəmli futbolçudu bizim üçün. Ancaq onun yerini dolduracaq, inandığımız futbolçular var. Onlarına da şanslarından maksimum yararlanacaqlarına inanıram".

 

 

MEHMAN SÜLEYMANOV