"İspaniya millisinin dünya çempionatındakı uğursuzluğu mənim üçün gözləilməz olmadı. Çünki futbol sürprizlərlə doludur". Sport24.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azarkeşi olduğu İspaniya millisinin DÇ-2022-də çıxışının gözlənilmədən 1/8 finalda dayandırmasına münasibət bildirən 50 yaşlı mütəxəssisin fikricə, bəzən hər hansı fəlsəfəni seçəndə, oyunu məğlub olanda, bu, o demək deyil ki, yanlışdı: "Son vaxtlar İspaniya futbolu deyəndə, ağıla pas gəlir. Hər fəlsəfəni, istədiyin oyunu həyata keçirə bilmək üçün bacarıqlı oyunçular olmalıdır. İspaniya millisində bir neçə futbolçuunu çıxmaq şərtilə digərləri cavandırlar. İspanlar həmin futbolla dünya və Avropa çempionu olub. Sadəcə, futbolçuların adları fərqli idi. Bir komanda pas oynaya bilmirsə, heç bir fəlsəfəni yerinə yetirə bilməz. Hər bir futbolçu bunu bacarmalıdır. Pas oyunu dedikdə, bu, ancaq elə ötürmə vermək deyil. Bizim son vaxtlar sürətli hücumlarımız olub. Az ötürmədən istifadə edərək qollar vurmuşuq. Futbolun dili pasdır. İstədiyin həmin futbolu üç ilə də təkmilləşdirə bilərsən. Daha sonra əlində yaxşı futbolçular olandan sonra, tam istədiyin futbolu oynamağa başlayacaqsan. Təkmilləşdirmək lazımdır. İspaniya çempionatına baxsaq, klublar tam fərqli oyunlar oynayır, fərqli sistemlər var. Məncə, bir uğursuzluğa görə bütün sistemi dəyişmək, düzgün olmazdı. Hər halda, İspaniya futbolunun başbilənləri daha yaxşı bilərlər. Amma məncə, ötürməsiz futbol heç futbol deyil. İnsan var, təkcə qoldan həzz alır. Azarkeş var, yaxşı ötürmələrdən həzz alır. Bəlkə bizə aid olan məsələ deyil".

Qurbanov onu da vurğulayıb ki, bütün dünya futbolu son 15 ildə İspaniya rejimində oynayır: "Çox məşqçi orada təkmilləşib. İnkişaf edən ölkələr ispan futbolunun sistemindən götürüblər çox şeyi. İspaniyanın Mərakeşlə matçın 121-ci dəqiqəsində vurduğu zərbə qol olsaydı, tam fərqli fikirlər olardı. Son vaxtlar futbolda sürprizlər çox olur. Məncə, daha da yaxşılaşdıracaqlar həmin futbolu. Heyətdə gəncləri çoxdur. Onlar illər keçdikcə daha da rahat oynayacaqlar".