İşi hər zaman çoxdu. Elə bu səbəbdəndir ki, əksər hallarda onu yalnız mətbuat konfransında görə bilirik. Əlbəttə ki, ətraflı söhbət üçün həmin tədbirlər uyğun deyil. Lakin millimizin oyunları ilə əlaqədar yaranan fasilədə Qurban Qurbanovla söhbətləşmək imkanı yaratdı. Müsahibə nə az, nə çox, düz 97 dəqiqə davam etdi. Əsl futbol matçı qədər. Əlbəttə, əsas vaxta əlavə edilən 7 dəqiqə nəzərə alınmaqla. Elə buna uyğun olaraq da yazını iki tayma böldük. Beləliklə, Sport24.az ölkənin ən sevimli futbol mütəxəssisi ilə ən maraqlı matçı təqdim edir.

Əvvəli: https://sport24.az/bizim-futbol/qurban-qurbanovla-90-deqiqelik-randevu-1-ci-taym

 

"Şeydayev o illəri həddindən artıq çox itirdi, onu 10-20 faiz bugünkündən daha da yaxşılaşdırsaq..."

- Bəs, Musanın potensialı necədi? Ata kimi yox, məşqçi kimi...

- Ümumiyyətlə, futbolçuların​ hərəsinin bir özəlliyi olur. Yoxdu ki, birində sürət də, texnika da, qol vurmaq​ da, "pas" vermək qabiliyyəti də olsun. Bunlar ümumiyyətlə, dünya futbolunda çox azdı, barmaqla sayılası qədərdi. Xüsusilə də hücumçu. Baxırsan, bir hücumçu bu komandada ilboyu bombardirdi, liderdi, başqa komandaya keçir, tam əksidi, görürsən, ildə 2-3 qol vurur, ya vurmur. Buna görə hücumçular haqda fikir bildirmək çətindi. Hər futbolçunun öz oyun üslubuna uyğun komandası olur. Belə olduğu halda, Musa ola bilər ki, "Qarabağ"da yaxşı oyun göstərsin, ancaq başqa komandaya keçir, ola bilər ki, oyunu tam alınsın. Eynilə də başqası. Musanın potensial olaraq başqa​ özəllikləri var, Mahirin başqa, Ramilin başqa. Ətraflı fikir bildirmək bir az düzgün çıxmaz indi. Ancaq hərəsinin öz üstün, maraqlı göstəriciləri var.​

- Həmin Şeydayev potensialı olan, məktəb görmüş hücumçudu. Ancaq Rusiyadan qayıdandan sonra ilyarımlıq Azərbaycanda çıxış onu geri saldı. İndi son təbib gözüylə sizə baxılır ki, onu ancaq Qurban Qurbanov dirildə bilər. Ramil "Qarabağ"a dönəndən sonra həmin Ramil ola biləcəkmi?​

- Ümumiyyətlə, futbolçu 3 il ərzində çox az oynayırsa, bu, onun üçün elə bil karyerasının sonu deməkdi. Şeydayev sonuncu dəfə qollar vuranda  "Krılya Sovetov"da çıxış edirdi. Mən millidə olanda, Ramil oynamırdı. Bilmirəm, klubunun​ əvəzedici komandasında çıxıb 5-10 dəqiqə oynayırdı, ya yox. O yaşda futbolçunun oynamaması ən böyük zərbədi. İl ərzində 4-5 matç oynayırsa, bununla heç vaxt irəliləmək olmaz. Oynamayan futbolçular arasında çox nadir halda olur ki, həvəsdən düşmürlər, bununla mübarizə aparmağı bacarırlar, daxildən buna güc tapırlar. Şeydayev o illəri həddindən artıq çox itirdi - getdi ora, getdi bura, bizə də gəldi, "Qarabağ"a da götürdüm onu, sonradan hətta "Sabah"a getdi oynamamağa başladı. Bəlkə psixoloji ən çox zərbə alan futbolçudu Ramil.​ Futbolçu haqda istər-istəməz yaxşı danışılırsa, kənardan yaxşı qiymət verilirsə, bu, başqadı. Ancaq öz klubunda bunu bacarmırsa, psixoloji planda həddindən artıq çox mənfi təsir göstərir futbolçuya. Fikirləşir ki, milliyə gedib qollar da vururam, ancaq kluba gəlirəm, məni oynatmırlar. Fikirləşir ki, camaat məndən razıdı, kənardan mənə qiymət verirlər, ancaq klubumda dəyər​ verilmir. Bununla bacarmaq hər futbolçunun gücü deyil. Dəfələrlə demişəm ki, Şeydayev tipdə, qabaritli futbolçular Azərbaycanda azdı. Həmişə Ramili, Mahiri, Bəhlulu deyirdim, yenə sayını davam etdrmək olar. Bəli, çatışmayan cəhətləri​ var, ancaq onların üzərində bir yox, üç dəfə çalışmaq lazımdı. Onlardan bir yox, üç​ dəfə tələb eləmək lazımdı. Hər bir futbolçunun istedadı öz yerində, mənim üçün ən vacib olan həvəsidi, işgüzarlığı, məsuliyyətidi. Bunlar çox önəmlidi. Hardasa nəsə edə bilməz, nəsə alınmaz, ancaq dediyim keyfiyyətlərin hesabına​ sənə nəticə verə bilər. Ramilə inanıram, güvənirəm. Oyun səviyyəsini nə dərəcədə yaxşılaşdıracağıq, ustalığını nə qədər yaxşılaşdıracağıq - bunu deyə bilmərəm. Ancaq ümumən Şeydayevlə individual məşqlərimiz olur və əfsuslar olsun ki, 3-4 gündən bir oyunlar, milliylə bağlı fasilələr, bizdən ayrılması planlarımızı pozur, onunla istədiyimiz kimi çalışa, ona istədiyimiz fərdi yükləməni verə bilmirik. Özüm də hiss edirəm ki,​ get-gedə onda həvəs, inam daha da çoxalır. Hər bir futbolçuya qayğı göstərməliyik. Xüsusilə bizim oyunçulara. Onları inandırmağı​ bacarmalıyıq, onlarda güvən yaratmalıyıq. Ola bilər​ düşündüyünüz Ramil olmasın, ancaq 10-20 faiz bugünkündən daha da yaxşılaşdırsaq, 1-2 ilə daha da yaxşı ola bilər. Hər halda, indi 24 yaşı var. Bəli, futbolçu var ki, 21 yaşında parlayır. Ancaq futbolçu da var ki, daha çox çalışmalıdı ki, 3-4 ildən sonra onun bəhrəsini görsün. Şeydayevdə nəsə yoxdursa, digər komponentlə onu kompensasiya edə bilir. Maksimum çalışıram ki, Ramil əvvəlkindən daha yaxşı olsun.​

- Şeydayevin əsas heyətə düşmək uğrunda rəqabət apardığı son transferiniz olan İbrahima Vadjidi. Veni, vidi, vici - gəldi gördü, qalib gəldi - qollar vurdu. Lakin olduqca uzun müddət olmasa da, artıq bir aya yaxındı fərqlənmir. Mərkəz hücumçusu, özü də göz oxşayandı artıq. Hamı xoş sözlər deyir bu seneqallı forvard haqda. Nədə görürsünüz qollarının davamını gətirməməsini?

- Nədəsə görürəm desəm, bir az düzgün çıxmaz. Dediyim kimi, bu dəqiqə stabil oynayan​ futbolçu az tapılır. Hansı ki hər oyun çıxsın, 2-3 qol​ vursun, nəticə versin, uğur əldə eləsin. Amma əlbəttə, Vadjinin üstün cəhətləri var. Hətta dubl etdiyi "Neftçi"ylə oyundan sonra mənə sual verilmişdi ki, "Qarabağ" nəhayət, axtardığı hücumçunu tapdımı. Hələ onda dedim ki. 2 qol vurub, o demək deyil ki, hücum xəttində problemimiz olmayacaq. İstər-istəməz belə hücumçulara qarşı digər komandalar dərhal daha ciddi hazırlaşmağa başlayırlar, ona nəzarəti daha da artırırlar. İbrahimanın da çatışmayan cəhətləri var. Futbolçu yeni çempionata gəlib, istər-istəməz o atmosferə düşmək, hər oyun o məsuliyyəti dərk eləmək, hiss eləmək üçün məncə, hələ vaxt lazım olacaq. Amma​ qeyd etdiyiniz müddətdə qol vurmayıbsa, bu, o demək deyil ki, ondan narazıyıq. Həm sürəti, həm fiziki gücü, həm mübarizəsi komandaya çox  lazım olan elementlərdəndi. Onun da ustalıq səviyyəsini daha da yaxşılaşdırsaq, düşünürəm ki, komandaya tam uyğunlaşa biləcək. Belə götürsək, çempionatda da tam oynamayıb, Konfrans Liqasından sonra istirahət verdiyim oyun olub. Burda limit söhbəti də var, 3 əvəzləmədən artıq eləmək də olmaz.​

 

"Bizim təklifi qəbul eləmədilərsə, sabah UEFA tələb edəcək, bundan sonra çox rahat edəcəklər"

- Əvəzləmədən söz düşmüşkən, bunu​n sayının 3-dən 5-ə​ artırıması təklifi bir neçə klubumuz tərəfindən dəstəklənmədi. Sizcə, onlar nədən çəkindilər?

- Dərhal bir cavab verim ki, əvvəl-axır bunu edəcəklər. Bizim təklifi qəbul eləmədilərsə, sabah UEFA tələb edəcək, bundan sonra çox rahat edəcəklər. Ümumiyyətlə, bu təklfi hələ qrupa düşməmişdik, "Neftçi"nin də qrup şansı vardı, bizim də, onda vermişdim. Bu, ilk matçlardan sonra idi. AFFA-nın Klublar Komitəsinə göndərmiişdik ki, bir buna baxılsın, federasiyaya da bildirilmişdi. Sadəcə, rəsmi formada etdik, qabartmadıq ki, belə bir şey olsun, müzakirə edilsin. Sadəcə, burda bir az fərqli yanaşmalar oldu. Bu gün futbolçularımızı​ qorumaqdan, gənclərə üstünlük verməkdən danışırıq, burda çox böyük amillər var. Fikir nə cür formalaşdı - Qurban ancaq özünü düşünür, "Qarabağ" yalnız özünü fikirləşir. Bəli, öz futbolçularımı, onları qorumağı, inkişafını, gənclərin artırmalarını düşünürəm. Demək olar bütün Avropa bu cür oynayır. O gün Qvardiola​ İngiltərə Premyer Liqasında 3 əvəzetmənin saxlanılmasına görə narazıl edirdi. Buna qarşı böyük üsyan elədi ki, böyük klublar 3 "cəbhə"də nə cür çalışmalıdı. 3-4 gündən bir oyundu, siz də bizdən nəticə tələb edirsiniz. Ümumimilikdə Azərbaycan futbolunu düşünərək bu təklifi eləmişdim. Çünki milli komandan var, futbolçuların ora sağlam getməlidi, özü də yorğun halda yox, gümrah. Yəni, o qədər amillər var ki... Onsuz da çox dəyişiklik edən baş məşqçi deyiləm. Konfrans Liqasında 1-2 əvəzləmə etmişəm. Hansında ki 5-nə icazə var. Onsuz da bunu eləmirəm, heç çempionatda 3 dəyişiklik etdiyim oyunlar nadir hallarda olub.​ Yəni, bu təşəbbüsü sırf özümüzü düşünərək desəydim, hə, deyərdilər ki, ozləri üçün edir. İmkanım varsa, niyə 18-19 yaşlı 2 futbolçunu 15-20 dəqiqə oynatmayım? Belə hallarda bunlar daha tez böyüməyə başlayır. Onsuz da həmişə dəyişikliklərə görə narahat olmuşam ki, oyun pozular. Futbolçuların hamısı nə qədər həftəboyu səninlə birgə olsalar da, istər-istəməz​ bir "11-lik"lə hazırlaşırsan, 1-2 rotasiya edirsən. Sonradan meydana girmək - hər futbolçuda bu bacarıq olmur. Çünki nəfəsin, ayaqların tutulması var. Öz başıma gəlib. Elə qarşılaşmalar olub ki, çıxmışam, baş məşqçinin mənə inamını yerinə yetirə bilməmişəm. Sonradan oyuna girmək tam fərqlidi. Orda əzələlərin tutulma anları var, İstəkli çıxırsan və sürətlə bir-iki reyd etdikdən sonra görürsən ki, ayaq, nəfəs tutuldu.​ Nəticədə lazım olan epizodlara gedib çata bilmirsən.​

- Kənardan isə belə təəssürat yaranır​ ki, indi çıxdı, artıq yoruldu...

- Ay sağ ol, sanki məsuliyyətsizdi həmin oyunçu. Ancaq bundan asılı deyil. Sadəcə, orqanizmlər tam fərqlidi. Bəli, elə futbolçular var ki, çıxırlar, bacarırlar bunu. Xüsusən də sənə əks-hücumda oynamaqda lazım olanda, futboçunu buraxırsan, bir dəfə qaçdı, ikincini lazımdı qaçsın, qaça bilmir. Yaxud cərimə meydançasında nəsə eləmək lazımdı, komanda yoldaşlarınla anlaşa bilmirsən. Çox müzakirə olundu bu mövzu. Məsələ bunda idi ki, reqlament təsdiqlənmişdi. Biz deyəndə, çempionatın startına 10-15 gün vardı, pley-offun 2-ci matçından əvvəl idi, hələ vaxt da var idi. Bəli, ola bilər ki, klubların üzərinə əlavə güc düşsün. Deyə bilərlər ki, cəmi 13-15 futbolçum var, heç 3 əvəzləmə edə bilmirəm. Futbolumuzun inkişafını istəyiriksə, bu sayı mütləq artırmalıyıq. Sadəcə, özümü düşünən kimi qələmə verdilər. Onsuz da şükür Allaha, 7 ildi 3 əvəzetməylə addım-addım gəlirik. Əvvəlki illər futbol başqa​ şeylər tələb edirdi, indi fərqli şeylər. Bununla ayaqlaşmağı bacarmalıyıq. Başqa ölkələr buna elə-belə getmirlər. Ümumiyyətlə, bu dəyişiklik olanda, klubların məsuliyyəti daha da çoxalacaq. Deyəcək ki, niyə 13 futbolçu saxlayım, çalışmalıyam 15-20 futbolçu saxlayım, həmin 5 əvəzetməyə çıxası futbolçuların​ ​bacarığı daha yaxşı olsun. Bu zaman sənin məşq prosesin daha aktiv olacaq, çünki bacarıqlı futbolçularının sayı artacaq. O qədər müsbət amillər var ki...

 

"Konfrans Liqasının daha zəif olması barədə düşüncə ən nifrət etdiyim yanasmadı"

- Konfrans Liqası Avroliqayla müqayisədə zəifdi ki, "Qarabağ" 1-ci yerdədi, yoxsa"Qarabağ?" o səviyyəyə yüksəlib ki, artıq lider olmağa layiqdi?

- Konfrans Liqasının daha zəif olması barədə düşüncə ən nifrət etdiyim yanasmadı. Allaha şükür ki, dəfələrlə imkanımız olub qrupdan çıxaq - istər "İnter"lə, istər PAOK-la, istər "Anderlext"lə eyni qrupda oynadığımız mövsüm olsun. PAOK-u 2 dəfə udanda, bizə 1 qələbə də lazım deyildi, sadəcə, yunanlar gedib İtaliyada "Fiorentina"nı udmaması kifayət edirdi.

​- Son saniyələrdə 3:2 hesablı qələbəni qopardılar...

- Nə oldu, nə olmadı, bilən yoxdu. Bizim udmaq yox, sadəcə, onların xal itirməsi lazım idi. Bəzən düşünmədiyin elə şeylər oldu ki...Baxırsan, 2-ci yerlə çıxanla xal fərqimiz çox az idi - 6-7 xal toplayırdıq. "Zəifdi" sözünü ümumiyyətlə, futboldan qaldırmaq lazımdı. Təkcə sizə yox, hamıya deyirəm. Zəif bizik - bu gün ümumən götürək, belədi. Zəif bizim çempionatdı, bunu düşünməliyik. Bu gün qrupda olan klubların büdcəsi bizdən 2, yaxud 0,5 dəfə artıqdırsa, onların çempionatlarında 16-18 komanda iştirak edirsə, 7-8 komandası çempionluğa oynayırsa, onların legioner sayı bizimkilərdən çoxdursa, onlara niyə zəif deməliyik? Bunu futbolumuzun inkişafı naminə azarkeşlərin də düşüncəsindən qaldırmaq lazımdı. Real baxaq, zəif bizik, bizim çempionatdı, bizim stadionlardı, ordakı azarkeşlərimizdi. Oturmuşuq danışırıq - "Qarabağ" udub, onlar zəifdi, filankəs zəifdi. Yoxdu belə bir şey! Yaxud filan rəqib bizim çempionatda filan səviyyədə komandadı - "Sabah", "Səbail", "Keşlə"ylə eyni səviyyədədi. Bu fikirlərdən uzaq olmaq lazımdı. İnanın ki, bunun mənə heç bir təsiri yoxdu. Sadəcə, futbolumuzun inkişafı üçün azarkeşlərdən o psixologiyanı götürmək lazımdı. Gəlin, real analiz edək -​ ​ Kipr, Yunanıstan, Qazaxıstan, İsrail​ çempionatlarına bizdən zəif demək olar? Yox, mümkün deyil! Keçən mövsüm uduzduğumuz "Molde"yə deyirlər ki, "Keşlə", "Sabah" səviyyəsində komandadı. Onlar gedib 1/8-a çıxdılar. Sadəcə, "Qarabağ"​ oynayanda belə fikir formalaşır. Bu isə ümumiyyətlə, düzgün bir şey deyil. İnanın ki, futbolçuların zəhməti yerə vurulur. Sanki biz yüksəkdəyik, hər şey bizdə yaxşıdı, rəqiblər isə üzr istəyirəm, it gündədirlər. Bu fikirləri uzaqlaşdırmaq lazımdı. "İnter"i udmuşduq, çıxırdıq qrupdan, sadəcə, təmiz qolumuzu saymadılar.​ ​ Zəif ola-ola "Monako"nu udmuşuq. Sən demə, Fransa çempionatı, "Monako" bizdən zəifdi. PAOK-u orda da udduq, burda da. Deməli, yunanlar bizdən zəifdi? Yoxdu belə bir şey. Olur da futbolda uğurlu oyun da, uğursuz da. Sanki neçə ildir bu fikir formalaşır və mənə adi düşüncə kimi gəlir. Amma azarkeş psixolojiyasını pozmalı deyilik. Qoy, "Sumqayıt" gedib zəif komandanı udsun. Əksinə, deməliyik ki, halal olsun, əhsən, gör necə oynadılar, uddular. Futbolumuzu bu cür qaldırmalıyıq. Yoxsa udursan, rəqibin zəzif idi, uduzursan, sən nə gündəsən! İnanın ki, bu şeylərə düzgün baxmıram. Fikirləşirik ki, Qazaxıstan zəifdi. Onlar da fikirləşir ki, "Qarabağ"​ zəifdi, şansımız var udmağa. Yaxud "Omoniya" belə düşünür. Qardaş, orada futbol, iş sistemi, tibb sahəsi tam başqadı. "Legiya"nı gedib orda 3:0 udduq, deməli, Polşa çempionatı bizdən zəifdi, gör nə gündədirlər...Mahirlə danışıram, "Legiya"nın səhv eləmirəmsə, 5 fizioterapevti var.

- Bu qədər fizioterapevt?

- Hələ təkcə tibbdən danışıram, bunların inkişafını göstərirəm. Biz birini tapa bilmirik. Azərbaycanı gəzək, klublarda fizioterapevt varmı? Yoxdu! Onların 4 fiizki hazırlıq üzrə​ məşqçisi var. Hələ "Legiya"nı deyirəm. Gör​ "Tottenhem"də nə qədərdi, baxsan "ekip"inə 35 nəfərdirlər. Onlarla oynayırıq, 1:0 da irəlidə idik hesabda. Burda 0:1 uduzurduq. Narazılıq edirlər, deyirlər ki, udmalısınız. İndi "Legiya" görün hardadı. "Şerif"i 3 il dalbadal udduq, indi Çempionlar Liqası qrupundadırlar. Əlbəttə, bunu ictimaiyyətə bildirmirəm. Ancaq acı reallıqlar var. 7-8 il əvvəlki çempionat, klublar qalsaydı, bizim futbolumuz Allah bilir harda idi. "Bakı", "Xəzər Lənkəran".​ "Qəbələ", "Neftçi", "İnter"dəki futbolçuları götür. Əfran harda böyüyürdü, 19-20 yaşı vardı, kimlərə qarşı oynayırdı?​ Rauf Əliyev hansı müdafiəçilərə qarşı çıxış edirdi?

 

"Bu çempionat çempionat deyil - artıq 5 ildi deyirəm ki, "Səbail"in meydançasını dəyişmək lazımdı"

- Elvin Məmmədovu da misal çəkə bilərik...

- Elvinin məgər çox böyük potensialı vardı? Yox, sadəcə, oynaya-oynaya, bərkiyə-bərkiyə gəlib o səviyyəyə çıxmışdı. Yaxud indikləri götürək - Maksim Medvedevlə Qara Qarayev harda böyüdülər. İndi əksinə, düşə-düşə gedirik. "Omoniya"​, Konfrans Liqası zəifdi. Allah eləməsin, sabah "Kayrat"a uduzsaq, gör bizi nə günə qoyacaqsınız. Deyəcəksiniz ki, necə uduzduq bu komandaya. Yaxud başqa rəqiblərə məğlubiyyətimizdə. Bu komandaların hamısı istənilən rəqibləri udmaq gücündədi. Qardaş, biz yerimizdə sayırıq. Şükürlər olsun ki, biz "Qarabağ" olaraq maksimum mübarizə aparırıq, "Neftçi" pley-offadək getdi. Amma ümumən götürsək, bu çempionat çempionat deyil. Artıq 5 ildi hər mövsüm "Səbail"in meydanına gedəndə,​ deyirəm bu qazonu dəyişmək lazımdı. Bunu "Səbail"dən qorxub demirəm. Sabah onlara uduzsam, bunu səbəb kimi göstərməyəcəm də. Sadəcə, niyə "Səbail" bütün məşqlərini o meydanda eləməlidi? Ordan sağlam futbolçu çıxarmı? Mümkün deyil! Niyə meydançalarımızın hamısını oyundan əvvəl, fasilədə sulamırlar? Bunlar xırda elemetlərdi hamısı, amma ən vacibləri sırasındadır.

- Niyə sulamırlar?

- Olmaz "Qarabağ"la, böyük komandalarla matçlarda. Buna​ necə ixtiyarları var? Reqlamentdə göstəriblər ki, 1 saat əvvəl sulanmalıdı, bir də iki komanda razılaşarsa, oyundan qabaq da, fasilədə də bir daha sulanmalıdı. Ev sahibi razı olmursa, mümkün deyil.​

​- Deməli, reqlament dəyişməlidi...

- Onu demək istəyirəm ki, bunlara fikir verməldirlər, aradan qaldırmalıdırlar. Ən diqqət yetiriləsi şeylərdən biri budu. Bir misal çəkim, millimizin 0:8 hesabıyla uduzduğu matçdan...

 

"Matça çıxdıq, top bilirsiniz necə sürətlə gedir... Sonra da deyirik ki, bizə 8 dənə vurdular"

- 2005-ci ildə Polşayla səfər görüşünü...

- Bəli. Təsəvvür edin ki, məşqlərimiz "Tofiq Bəhramov"da olurdu, o vaxt otu qupquru idi, "podkat"​ edəndə oran-buran sıyrılırdı, top qalxırdı. Fikirləş ki, belə qazonda topun sürəti necə olacaq. Getdik Polşaya düşdük, qardaş, tam başqa mənzərə. İsinmə hərəkətlərinə çıxdıq, qazonu sulayırlar. Hələ üstəlik, yağış da yağır, ancaq buna baxmayaraq, yenə sulayırlar. Oyuna çıxmazdan əvvəl də suladılar. Matça çıxdıq, top bilirsiniz necə sürətlə gedir... Sonra da deyirik ki, bizə 8 dənə vurdular. Sən harda artırmalısan? Onlarla həmin standartlarla, xırda elemetlərdə belə ayaqlaşmırsan, necə gəlib onlarla başabaş ola bilərsən? Federasiya rəhbərliyi getsin "Səbail"in meydançasında baxsın, orda icazə​ verilər, verilməz? Verilməməlidi, o meydançada futbol oynamağa icazə verilməməlidi. Premyer Liqanın oyunu orda keçirilməməlidi. 5 idlir bir meydançanı dəyişdirə bilmirik. Niyə? Qazaxıstan, Kipr, o birilər zəifdi? Yox, belə bir şey yoxdu. Yuxarı haqda fikirləşirik, ancaq aşağı barəsində düşünmürük. Yuxarını istəyiriksə, aşağıları düzəltməliyik.

- "Qarabağ" o taktikadan istifadə edib? Güclü rəqiblərlə oyunlardan öncəsi nəzərdə tuturuq?

- Heç vaxt. Oynamaq, inkişaf eləmək istəyiriksə, Avropa standrtlarından əl çəkməməliyik, ona uyğunlaşmalıyıq. Bu, mütləq olmalıdı. Bəzən "Tofiq Bəhramov"a yağış yağandan onda olub ki, sulamamışıq. Belədə, buna rəqib də fikir verməyib. Həmin stadionun torpağı elədi ki, çox su vuranda ot durmur, kökü qalmır. Ora çox su vurdun, artıq ot durmur, kökü qalmır. Bəli, süni örtüklərimiz var, "Keşlə"dəki stadionda vəziyyəti pis deyil. Onsuz da ora su vursan da, qısa zamanda quruyacaq. Bu cür meydançalarda top fərqli traektoriya cızır, sürət olmur. Hərçənd, baxırsan kənardan, düppədüz meydançadı. Düzdür, soyuq ölkələrdə - Skandinaviya təmsilçilərində, Qazaxıstanda sintetik meydanlardı, ancaq orada iqlim buna vadar edir - hava orda çox soyuq, sərt olur. Ancaq bizdə şükür Allaha ki, şəraitimiz var, bunu niyə etməyək? Yenə deyirəm ki, "Səbail"də oyun oynamaq absurddu. Deyək ki, mən iki oyun oynanıram orda. Heç milli futbolçuların bizdə çıxış etməsini də nəzərə almıram. Hansılar ki, 3 gündən bir meydana çıxır. Onlar yorğun, əzələlər hazır olmayan halda çıxırlar "Səbail"in meydançasına. Normalda ötürməni 5 sürətlə etməlisənsə, bu qazonda 15 etməlisən ki, istədiyin ünvana gedib çatsın. İndi gəl bu hesabı götür görüm... Həm də axı, bu, əlavə güc itirmək deməkdi. Kənardan rahat danışırıq ki, mütləq udmalıyıq. Yox, belə bir şey yoxdu. O qədər zəif yerlərimiz var, onları bərpa eləmək lazımdı. İş orasındadı, ən asanı da odur, ən vacibi də. Ancaq bunu etmirik. Yazıq Aftandil Hacıyev, futbolçular neyləsin, il boyu orda məşq edirlər. Bəli, onlar bizdən daha yaxşı uyğunlaşacaqlar, topu daha yaxşı hiss edəcəklər.​ Amma yazıqlar 1-2 il dözəcəklər, bundan sonra nə edəcəklər? Diz yox, topuq nahiyəsi, bel yox. Bir sözlə, bu psixolojiyanı azarkeşlərdən uzaqlaşdırmaq laızmdı. Bunu atırlar ortaya,​ sanki xidmətlərimizi​ kiçildirlər. Qardaş kim onayır qrupumuzda? "Omoniya", son çempion, "Kayrat" da həmçinin. "Bazel" də məlumdu səviyyəsi. Onlar Çempionlar Liqasında, Avropa Liqasında oynayıb gəliblər, təcrübələri bizdən qat-qat üstündü. Biz isə Konfrans Liqasında oynamışıq.

- "Bazel"in səviyyəsini hələ o vaxtlar "Bakı"yla matçlarda görmüşük...

- "Bazel"in formasını görürsünüz - "Barselona"nın farm-klubu kimidi. Onların həmişə futbolu tam fərqli olub - sürətli oyuna üstünlük verirlər. Burda görürdünüz, hardasa bir az boşluq oldu, dərhal istifadə edirdilər. Zatən ən köklü klublardan biridi. Məlumdu "Bazel"in səviyyəsi, bunlara dəyməyək. O birilər isə öz ölkələrinin çempionlarıdı, "Omoniya" keçən il qrupda çıxış edib. Gəlin, indi bunları kiçildək? Üst-üstə düşmür axı.​

- Biz kiçiltmirik, sadəcə, bu sual verilməlidir, onun cavabı da olmalıdı, insanlar​ real qiymət verməlidi. Biz deməklə də iş bitmir, bu da var. Necə kiçildə bilərik ki, "Bazel"lə oynadınız. "Qarabağ" sərgilədiyi futbolla özü haqda yalnız müsbət fikir formalaşdırdı.​ Yalnız bundan sonra dedik ki, qrupdan çıxmaq şansı var, bunadək ehtiyatlanırdıq. Söhbət Sport24.az-ın mövqeyindən gedir...

- Sırf özümüzü düşünərək yox, ümumiyyətlə, Azərbaycanda bu pisxologiyanı aradan götürmək lazımdı. Biz ilk növbədə öz futbolumuzu, öz çempionatımızı​ düşünək hansı səviyyədədi,​ ​ sonra buna uyğun fikir bildirək. İnsanları əksinə, formalaşdırmalıyıq ki, bu səhv fikirləri aradan qaldıraq. Əksinə, desinlər ki, halal olsun. Bizə inam yaransın, qəhrəmanlıq kimi baxsınlar. Zəifik, güclünu udduq fikrini formalaşdırmaq lazımdı. Onsuz da belədi...
 

"Kayrat" da bizi udmaq gücündədi, baş məşqçisi də, Berdıyev mən də təcrübəli, məndən də bacarıqlı məşqçidi"

- Kiprdə xarakter göstərdiniz. Fasiləyə hesabda geridə yollansanız da, ikinci hissədə əzmkarlıq göstərərk böyük hesablı qələbə qazandınız...

- Yaxud bu oyunu udmuşuq deyə bu, o demək deyil ki, qrupdan çıxmışıq, ya yox. Sabah sənin bir məğlubiyyətin - hansı ki yüzdə yüz ola bilər - vəziyyəti dəyişdirir. Hardasa "ilişə" bilərsən. "Kayrat" bizi gəlib udmaq gücündə deyil? Gücündədi! Baş məşqçisi Kurban Berdiyev bizə qalib gəlmək gücündə deyil? Gücündədi. Məndən də təcrübəli, məndən də bacarıqlı məşqçidi. "Kayrat"ın sponsoru​ zəifdi? Yox. 18-20 milyon dollar büdcələridi, prezidentləri də ölkənin sabiq başçısı Nursultan Nazarbayevin kürəkənidi. İndi gəl, de görüm bu klub zəifdi. Bunların bacarığı, pulu yoxdu? Əlbəttə, var. Əksinə, xoşlayıram bunların üzərinə getməyə. Bunu edək, udaq onları orda da, burda da. Niyə də yox?! Sadəcə, zəifdi deyərək, qalib gəldiyimizi bildirməyək. Zəif olan vaxtımızda gedib "Dnepr"i udmuşuq. Nə olsun burda 1:2 hesabıyla yenilmişik. Gedib orda 1:0 udmuşuq. "Dnepr" həmin il gedib finalda oynadı. "Vorskla"yla da eyni ssenari oldu. Məgər Ukrayna çempionatı bizdən zəifdi? Nəsə düzgün olmayan fikirlər formalaşır. Futbolu belə sevdirə bilmərik. Görürsən biri inanmır, beşi inanır. Biri sözə fikir vermir, beşi müzakirə edir. Ona görə elə şeylər var ki, məncə, daha fərqli yanaşmalıyıq. Belə düşünürəm bu mövzuda.

- Konfrans Liqasına artıq lider prizmasından yanaşırıq. 1-ci yerlə 2-ci arasında yerlə göy arasıda fərq olduğunu bilirsiniz...

- Elədi, təkcə rəqib yox, mərhələ baxımından da. Çünki səhv etmirəmsə, qrup qalibi 1/8 finaldan başlayır.

- Bəli. 2-ci yeri tutan isə bir mərhələ tez başlayır. Hətta o mərhələni də - pley-offu da Azərbaycan heç vaxt görməyib. Həm də 1-ci yeri tutanın rəqibi Konfrans Liqasından olacaq, 2-ci pillənin sahibi isə Avropa Liqasının 3-cüsü ilə görüşəcək. Hələ ki yaza çıxmağa toxunaq ki, "Kayrat"la qoşa matçlarda buna nöqtə qoymaq mümkündü...

- Bu, elə bir turnirdi ki, o qədər gözlənilməz nəticələr olur. PAOK-un gedib orda "Fiorentina"nı udması elə-belə şeylər deyil. Yəni, düşünmədiyimiz vəziyyətlər, görmədiyimiz situasiyalar var. Yenə səviyyə fərqinə gəlirik ki, istənilən komanda istənilən komandaya qalib gələ bilər. "Yanq Boyz" "Mançesyer Yunayted"i uddu. Hansı ki, "Bazel"in İsveçrə çempionatında çempionluq uğrunda rəqibidi. Sabah hər şey ola bilər. Çoxdu sensasiyalar, danışılası deyil. Futbolda o qədər ağlına gəlməyən nəticələr olur. Xüsusilə də son vaxtlar. Səviyyə elə bil bərabərləşməyə başlayır. O qədər turnirlərdə iştirak edirlər, inam olur, hamıda inam yaranır ki, bu rəqibə qalib gəlmək mümkündü. Görürsən ki, 90 dəqiqə bir komanda hücumda olur, amma​ oyunu əldən verir, uduzur. Bu, hətta böyük klubların başına gəlir. Buna görə buna bu gün bir az düzgün yanaşmalıyıq. Çünki tam fərqli turnirdi. Burda yorğunluq, zədələr, komandanın psixoloji yorğunluğu, bir sözlə, hər şey var. O qədər incə yanaşmalı, futbolçuları düzgün hazırlamalyıq ki, hardasa səhvimiz olmasın. Ola bilər ki, qrup qalibi son turda bilinsin. Konfrans Liqası belə bir turnirdi. Yaxud​ Kiprdə​ uduzsaydıq, bu, o demək​ deyildi ki,​ turnir bizim üçün artıq bitdi. Eynilə də onlar üçün. Bir qalibiyyətləri, bizim də bir məğlubiyyətimiz olacağı halda gəlib xallar bərabərləşəcək. Bəli, maksimum çalışacağıq ki, uğurlu nəticə əldə edək, komandanın oyununu qoruyub saxlayaq. Nəticə qazanmaq üçün yenə ən düzünü​ etməyə çalışacağıq. Çox da istəkliyik, hamımız pley-offa çıxmaq istəyirik. Ancaq bununla əndazəni aşmamalı, özümüzü yandırmamalıyıq. Qalib gəlmək istəyinin həddən artıq çox olması mane olur. Buna görə bir az soyuqqanlı olmalıyıq. Çünki idman düşüncədi, biclikdi, taktikadı, burda hər şey var. Birini yaddan çıxardınsa, məğlub ola bilərsən. Bu üzdən kollektiv oyunlar həmişə çox təhlükəlidi. Bir oyun düşünmədiyin səhv elədinsə, oyun getdi. Məsələn, 5-ci dəqiqədə planlaşdırılmayan qırmızı vərəqə​ hər şeyi alt-üst edir. Buna görə səbrlə, diqqətlə qarşıdakı matçlara hazırlaşmalıyıq. Hələ 2 oyun oynamışıq, qarşıda 4-ü var. Bunlar az göstərici deyil. Hansı ki 3 xallıq sistemdə.

- Vacib amillərdən biri də qazondu. Yenidən Respublika stadionunda oynayanacaqsınız. Yaydakı kimi çətinlikləriniz olmayacaq? Ot örtüyü tam qaydasına düşübmü orda? Yaxşlığa doğru fərq varmı?

- Var. Ola bilər toprağın bərkliyi ilk oyunda​ problem olsun. Gərək bir neçə məşq edək orda, buna da imkanımız olmayacaq. 2-3 məşq edək ki, torpaq tam otursun, buna uyğunlaşasan. Ancaq hər bir halda yaydakından yaxşı olacaq. "Kayrat" da topla oynamağı xoşlayan komandadı, texnikalı, ağıllı futbolçuları var. İstənilən halda, düşünürəm ki, yaxşı futbola şahid olacağıq Allahın izniylə.​

 

"Həmişə Mahiri bir tərfiləmişəmsə, üç tənqid eləmişəm"

- 1-ci yeri istəyirik. Siz bizdən də çox istəyirsiniz aydındı. Bu, sualın birinci hissəsidi. İkinci hissə də​ odur ki, 2-ci olsanız, "Legiya" ilə görüşə bilərsiniz. Mahir Emrelinin oynadığı komandayla, istəyərdiniz bunu?​ ​

​ - Bunların hamısı versiyalardı da. Mən də indi 1-ci yeri istəyirəm. Ancaq durum elədi ki, indi "Kayrat"ı fikirləşməliyik. Bəli, mövsümün​ əvvəlindən qarşımıza məqsəd qoyuruq. Bu da hansı turnirdə iştirak ediriksə, burda ən yaxşı nəticəni göstərməkdi. Bunun üçünsə sənə hər oyun vacibdi. Bu dəqiqə düşüncəmiz "Kayrat" olmalıdı. Çünki 3 rəqibimizdən biridi. Bundan sonra vaxtımız olacaq digər matçlar haqda fikirləşməyə. Bəlkə son oyunda "Bazel"lə 1-ci yer uğrunda mübarizə gedəcək. Yaxud heç ora gedib çıxmayacağıq. Yəni, hər şey ola bilər. Buna görə çox da önə baxmayaq, irəlini düşünüb, buranı yaddan çıxarmayaq. Sadəcə, indi əsas odur ki, futbolçularımız millidən sağlam qayıtsınlar. "Kayrat"adək çempionat matçımız var, orda hər şey qaydasında olsun, futbolçularımızı yenidən müəyyən səviyyəyə gətirək. Hər bu pauza olanda çox şey itiririk. Bu arada müəyyən bir səviyyəyə qalxmışdıq, komanda daha rahat idi və yenə pauza. Hərə bir tərəfə getdi, "Kayrat"adək hələ çempionatda bunları normal səviyyəyə gətirməliyik. Birinə əla məşq, birinə istirahət əlavə istirahət verəkmi, birinin zədəsi varmı - hər birinə özəl yanaşma gərəkdi. Futbolçular millidən gələndən sonra yenidən başlayaq ki, nəyi nə cür edəcəyimizi müəyyənləşdirəcəyik. Elə etməliyik ki, həm çempionat, həm də "Kayrat"la matça hazır olaq. Ona görə bir az çətinliklərimiz var.

- Söhbətimizi Mahirlə yekunlaşdıraq. Artıq 10 qol vurub "Legiya"da. Onunla telefonla danışırsınız, təbriklərinizi çatdırırsınız. Maraqlıdı, ilk olaraq həmişə nəyi tövsiyə edirdiniz? Özünüz də bir hücumçu kimi legioner həyatı yaşamasınız, çətinlikləri, incəlikləri bilirsiniz qərib ölkədə hər halda. Ona kənardan düzgün məsləhət​ vermək çox vacibdi...

- Çox olur yazışmalarımız, danışıqlarımız. Xüsusilə matçlardan sonra. Bilmirəm sırf nəyi tələb edirəm ondan. Çünki hər​ gedişatda ona fikirlərimi çatdırmışam. Digər tərəfdən, belə situasiyalarda bəzən futbolçu özü özünü düzgün hazırlaya, doğru idarə edə bilirsə, onun uğuru əldə eləməsi daha tezləşir.​ ​Həmişə futbolçularımdan nə tələb, nə tövsiyə eləmişəm - sadə olmalarını, sadə oynamalarını, işgüzarlıq göstərmələrini, ruhdan düşməmələrini. O qədər belə olur ki, bu matçda qol vurmur, bu, ona pis təsir göstərir. Əlbəttə, həmişə çalışıram Mahirin yanında, ünsiyyətdə olmağa. Çünki həqiqətən qərib ölkədə dostları, ətrafının düzgün yanında olması çox vacibdi. Həm də Mahirin dil baxımından üstünlükləri var. Həm rus, həm ingilis dilini bilir. Onun üçün bu, çox böyük avantajdı. İstənilən insanla birbaşa kontaktda olur, bu, çox vacibdi. Adicə futbolçuma biri var tərcüməçiylə fikirlrimi çatdırıram, biri də var tet-a-tet. Bu, çox fərq edir. Bu dəqiqə Mahiri bir az sakit qoymalıyıq. Əlbəttə, uğurlarına sevinirik, istəyirik daha yaxşı səviyyəyə çıxsın. Ancaq ona həddən artıq çox maraq olduqca, haqqında çox yazıldıqca, danışdıqca, istər-istəməz ola bilər özü hiss eləmədən diqqət mərkəzinə düşür və bu, mənfi təsir edə bilər. Bu üzdən Mahiri sakit qoymalıyıq, inşallah, inanırıq, güvənirik, fəxrimizdi. Həmişə onu bir tərfiləmişəmsə, üç tənqid eləmişəm. Bu cür yanaşmışam ona. İnşallah, ən yaxşısını arzulayırıq Mahirə.

 

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV