"Futbolçularımı təbrik edirəm. Bizim üçün vacib matç idi. Bir neçə futbolçumuzda əzələ zədəsi şübhəsi oldu. Bəzi futbolçular yoruldu, bəlkə zədəlilər də olacaq. Bir neçə oyunçuda əzələ ağrıları var. Yaxşı oyunla 3 xal əldə etdik. Azarkeşlərə təşəkkür edirəm, "Neftçi"yə uğurlar arzulayıram”. Sport24.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov “Neftçi”yə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis əvvəlki turda qolsuz bərabərliyə qaldıqları "Zirə”nin daha yaxşı müdafiə olunduğunu xatırladıb: “Komandamız uzun müddət birlikdə deyildi. Təcrübəli futbolçular belə vacib matçda özlərini ələ almalı idilər. Yorğunluq beyinə də təsir edir. Bu, hələlik məni narahat edir. Əvvəlki qarşılaşmalardan nəticə çıxarmışdıq. Futbolçularımı tanıyıram və hər şeyi başa düşürəm. Heç vaxt deməzdim ki, rəqib zəif oynadı. Sadəcə, bu gün rəqibdən daha yaxşı çıxış etdik. Əvvəlki matçlarda istifafə olunmayan qol şanslarından yararlandıq. “Neftçi” həmişə “Neftçi”dir. Bu gün oyunumuz daha yaxşı alındı”.

Qurbanov kapitan Maksim Medvedevin müdafiənin sağında çıxış etməsinə münasibət bildirib: “O, daha çox təcrübəsinin hesabına oynadı. Maksim üçün birdən-birə orada çıxış etmək asan deyil. Həm də uzun müddət zədəli idi və oyun təcrübəsi az idi. Daha yaxşı Maksim görmək istəyirik”.