"Hamının uşaqlıq arzusu "Neftçi"nin əsas komandasına düşmək idi. Sonda mən də buna nail olmuşdum. Gənc yaşlarında milli komandada çıxış etmək üçün də çalışırdım. Belə kiçik uğurlar böyük nailiyyətin təməlini qoyur. Bunları əldə edəndə başa düşürdüm ki, daha yaxşılarını bacara bilərəm". Sport24.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

50 yaşlı mütəxəssis həm futbolçu, həm də məşqçi karyerasında maraqlı anlar olduğunu vurğulayıb: "Futbolçu olduğum dönəmdə Serbiya və Çernoqoriya ilə matçı da qeyd edə bilərəm. Baş məşqçilik karyeramda Norveçin "Rusenborq" klubu ilə görüş də unudulmazdır. Səfərdə bərabərə qalmışdıq, cavab matçı isə Ağdamın işğal gününə təsadüf edirdi. Elə gün idi ki, bəlkə həyatımı verməyə hazır idim. Həmin qarşılaşma yaddaşımdan silinməyəcək. İnsanların bu qədər sevindiyini görməmişdim. Bu qarşılaşmanı karyeramın ən böyük uğuru hesab edirəm".