Bu gün Azərbaycan Kubokunda əsas mərhələ başlayır. Sport24.az xəbər verir ki, artıq neçə illərdi mübarizə məhz 1/4 finaldan start götürür. Aşkar favoritlər sayılan "Qarabağ"la "Neftçi" məhz indi mübarizəyə qoşulurlar. Necə deyərlər, "qırğın" başlayır. 

Premyer Liqamızda 8 komanda çıxış edəndə, bu mərhələdə adətən məhz onlar olurdu. Amma bu mövsümdən 10 komanda olduğundan, avtomatik 2-si kənarda qalacaqdı. Bunlar mübarizəni 1/8 finalda dayandıran "Şamaxı"yla "Sumqayıt" oldular. 

Finala gedən yolda futbol diliylə desək, sol cinahda daha gərgin mübarizə gözlənilir. Çünki son çempion və Kubokun hazırkı sahibi "Qarabağ"la ona bu mövsüm əsas rəqib olan "Sabah" məhz bu tərəfdədirlər. Yəni, onlar finalda görüşə bilməzlər, artıq yarımfinalda yolları kəsişəcəkləri gözlənilir. Amma bunun üçün müvafiq olaraq "Qəbələ"ylə "Səbail"i keçməlidirlər. Rəqiblərin gücləri baxımından "Qəbələ" ilə sınaq daha çətin görünür. Amma nəzərə alaq ki, "Qarabağ" bu rəqibə daha nəinki yenilmir, son illərdə onu asanlıqla yenir. Bu yerdə bildirək ki, 1/4 final cütləri arasında ən çox qarşılaşan məhz bu dueldi. "Qarabağ"la "Qəbələ" indiyədək həm 1/4 finalda, həm yarımfinalda, həm də finalda görüşüblər. "Qırmızı-qaralar" ilk Kubokunu qazananda - 2019-cu ildə məhz "Qarabağ"ı keçmişdi və onda Elmar Baxşıyev finalda baş məşqçi əvəzi olaraq komandanı meydana çıxarmışdı.

"Sabah" "Səbail" qarşısında aşkar favorit olsa da, onu unutmayaq ki, cari mövsümdə gözlənilməz ilk xal itkisinə məhz onula ev matçında məruz qalıb. Onu da yaddan çıxarmayaq ki, Murad Musayevin komandası son turda da "Şamaxı"yla da öz meydanında xalları yarı bölməli oldu. Bu komandaların Kubokda ilk dəfə görüşməsi də vurğulanmalıdı.

Təkcə sağ tərəfdə yox, ümumilikdə ən maraqlı cüt "Zirə" - "Neftçi"di desək, yanılmarıq. Ən azı ona görə ki, bu komandalar soh 2 mövsümdə Kubokda - əvvəl 1/4 finalda, sonra yarımfinalda görüşüb və hər ikisində Rəşad Sadıqovun komandası üstün olub. Özü də bu duellərdə - ümumilikdə 390 dəqiqəyə cəmi 1 qol vurulub. Onu da nəzərə alaq ki, bu dəfə "qartallar"ı Samir Abasovlu yox, əcnəbi baş məşqçili "Neftçi" ilə sınaq gözləyir. Bununla da rumıiyalı Louretisu Regekampf Azərbaycan Kubokunda "siftə" edəcək. 

Nəhayət, son duel, hansı ki Qərb derbisi olacaq. "Turan Tovuz" "Turan"ın varisi sayılmadığından, "Kəpəz"lə Kubokda ilk dəfə qarşılaşacaq. Bu komandalar cari çempionatda artıq 2 dəfə üzləşib. Ayxan Abbasovun komandası Tərlan Əhmədovun kollektivinə hələ ki nəinki uduzmayıb, qol da buraxmayıb. Bu cütdə qalib olmaq finala çıxmaq yolunda böyük stimul verir. Həır halda, qış fasiləsindən sonra çox şey dəyişə bilər, potensial rəqiblər də heç keçilməz deyillər. Bir şey də var ki, Abbasov hələ Azərbaycan Kubokunun qalibi olmasa da, bunadək çalışdırdığı "Sumqayıt"la 2 dəfə final həyəcanı yaşayıb.