Qəbələdə soyuq aylarda havanın şıltaqlığını çox görmüşük. Təsadüfi deyil ki, məhz hava şəraitinə - dumana, qara görə oyunların təxirə salınması az olmayıb. Bu dəfə də belə təhlükə vardı. Hər halda, yolboyu gedərkən dumanı görəndə, belə fikirlər beyimizdən keçirdi. Qəbələ şəhər stadionuna çatanda isə əsl duman gördük, yəni yoldakı bunun yanında toya gedəsiymiş. Belə vəziyyətdə matçın keçirilməsi ilə bağlı məşvərət olmalı idi və bu üzdən "Qəbələ" - "Səbail" oyunu nəzərdə tutulan vaxtdan bir qədər gec başladı. Duman getdikcə çəkilsə də, ilk hissənin sonuna yaxın yenidən gücləndi. Amma ikinci hissədə belə təhlükə olmadı və bu dəfə təxirəsalma baş vermədi.

Tribunalar daha çox boş olsa da, hər iki komandanın azarkeşləri qapılar arxasında yerlərini tutmuşdular.  Görüşü stadiondan izləyən tamaşaçı sayı maksimum 300-ə yaxın idi. Maraqlısı odur ki, “Səbail”in Bakıdan Qəbələyə gələn azarkeş sayı ev sahibləriin fanatlarından artıq idi və onların 90 dəqiqədə səsi daha çox eşildildi.

"Səbail"də zədəilərlə bağlı problem qalmaqda idi. Belə ki, baş məşqçi Mahmud Qurbanov bolqar yarımmüdafiəçi Emil Martınov və portuqaliyalı hücumçu Qoba Zakpanın xidmətindən yenə məhrum idi. Belə problemi olan yerli futbolçulardan cinah yarımmüdafiəçiləri - kapitan Ağabala Ramazanovla Ruslan Hacıyev sıraya qayıtmışdılar. Ağabala start heyətdə yer almışdısa, Ruslan ikinci hisədə meydana daxil oldu. Amma onun köhnə zədəsi - arxa əzələ problemi yenə özünü göstərdi və yenə meydanda az olduqdan sonra əvəzlənməli oldu.

Media tribunadan göz gözü görmədiyi qarşılaşmanın startındaca - 5-ci dəqiqədə hesab açıldı və açığı, qolun necə vurulduğunu dəqiq görmək mümkün olmadı. Sonradan videotəkrarda baxanda məlum oldu ki, "Qəbələ"nin qapıçısı Səlahət Ağayevi zərbəni tuta bilməyəndən sonra top rəqibin hücumçusu Kizito Luvaya düşür və o, toru silkələyə bilir. Bununla da böyük ümidlərlə transfer olunan portuqaliyalı hücumçu nəhayət, "dənizçilər"də qol hesabını açmağı bacardı. Qonaqlar bundan sonra müdafiəyə çəkilməyərək hücumlarını davam etdirdi və ilk 10 dəqiqənin tamamında kapitan Rahid Əmirquliyevin tirdən qayıdan zərbəsi yaddaqalan oldu. 

"Qəbələ"də braziliyalı trio meydanda yox idi. Bu da ona görə idi ki, komandanın liderlərindən olan Rafael Utzix ehtiyatda belə yer almamışdı. Bu da hücumçunun zədəsini hələ də müalicə etdirməsi ilə bağlı idi. Digər "sambaçı"lar" - Ramon Maçadoyla Felipe Santosun hesabı bərabərləşdirmək üçün şansları olsa da, bundan yararlana bilmədilər. Əvəzində ilk hissənin ortasında Feras Abu Akal bunu bacardı. İsrailli yarımmüdafiəçinin cərimə meydanı həndəvərindən zərbəsi dəqiq oldu və qonaqların qapıçısı Emil Balayev bunu dəf edə bilmədi. 

Qurbanov ikinci hissəyə əvəzetməylə başlayaraq Ədilxan Qarəhmədovu Maksim Çexlə əvəzlədi. Bundan 16 dəqiqə sonra isə onun həmkarı Elmar Baxşıyev ilk əvəzlənməsinə əl ataraq hücumçu Üİvi İsgəndərovu "döyüşə atdı". "Qəbələ"nin  "uğur çubuğu" yenə işini gördü. "Səbail"in cərimə meydanı yaxınlığında məhz Çexdən topu "oğurılayan" qəbələlilər rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratdılar ki, Rövlan Muradovun zərbəsini Balayev qaytardı, qayıdan topu məhz Ülvi dəqiq tamamladı. Düzdü, bu hücumda top "Qəbələ"nin kapitanı Asif Məmmədovun əlinə toxunmuşdu. Bu üzdən VAR bu epizodu bir neçə dəqiqə incələdi və yekunda baş hakim Rəşad Əhmədov meydanın mərkəzini göstərdi. 

Qalan dəqiqələrdə qonaqların ən real qol imkanı cərimə zərbəsindən hava asması zamanı mərkəz müdafiəçisi Fakundo Kardozonun başla yaxın məsafədən həmləsi oldu ki, Səlahət buna yaxşı reaksiya göstərərək topu tuta bildi. Meydan sahiblərindən isə İsgəndərovun dubl, hətta het-trik üçün şansı olsa da, o, yenə 1 qol vurdu, ən əsası, Qəbələdə qələbə topunun müəllifi olmasıyla yadda qaldı. Bunadək "Qəbələ" məhz Ülvinin fantastik qoluyla "Zirə"ni əliboş yola salmışdı. 

Maraqlıdı ki, "Qəbələ" "Səbail"i ilk dövrədə olduğu kimi, 2:1 hesabıyla məğlub etdi. O da maraqlıdı ki, onda da İsgəndərov 2-ci hissədə meydana daxil olaraq komandasına 3 xal qazandıran qolu vurmuşdu. Budəfəki qələbə "qırmızı-qaralar"ı turnir cədvəlidə ən azı 1 günlük 4-cü pilləyə yüksəltdi. "Zirə" bu gün evdə "Turan Tovuz"u məğlub edərsə, yenidən "Qəbələ"ni 5-ci pilləyə göndərəcək. "Səbail"in isə turnir cədvəlində bir qədər də geriləyərək 9-cu pilləyə düşmək təhlükəsi var. Bunun üçün hazırda həmin yerdə qərarlaşan "Kəpəz"in bu gün öz meydanında son pillənin sahibi "Sumqayıt""a uduzmaması yetərlidi. Həmin "Sumqayıt"ı ki, keçən ayın sonunda Gəncədə Kubokda 1:0 hesabıyla məğlub edərək mübarizədən kənarlaşdırdı.  

undefined

 

MEHMAN SÜLEYMANOV, Bakı-Qəbələ-Bakı