"Qəbələ"nin Premyer Liqanın son turunda evdə "Səbail"i 5:0 hesabıyla məğlub etdiyi matçda ağır zədələnən legioneri Yaovi Akakponun durumu qeyri-müəyyən olaraq qalır. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Sport24.az-a verdiyi məlumata görə, nigeriyalı cinah yarımmüdafiəçi hələ MRT müayinəsinə girə bilməyib ki, bu da səbəbsiz deyil: "Çünki zədə aldığı diz nahiyəsindəki yerə maye yığılıb. Müayinə zədəni tam dəqiq göstərməsi üçün maye çəkilməlidi ki, həmin yer aydınlansın. Buna görə hələ gözləmək lazım olacaq. Ancaq bu, uzun müddət olmayacaq, artıq qarşıdakı günlərdə müayinə nəzərdə tutulub. Bundan sonra futbolçunun zədəsinə tam aydınlıq gələcək. İndidən görünən odur ki, ciddi məsələdi".

Bu, "Qəbələ" üçün cari çempionatda 2-ci belə ciddi zədədi. Qəbələdəki ilk matçda isə U-21 yığmamızın üzvü olan sol cinah müdafiəçisi Rüfət Əhmədov ağır xəsarət alaraq əvəzlənməli olmuşdu. Klub rəsmisindən uzun müddətə sıradan çıxan və əməliyyat olunacağı gözlənən bu gənc futbolçu haqda da soruşduq: "Rüfətdə də zədə ağır idi. Əməliyyat olunmaq üçün Almaniyaya yollanacaq. Hazırda viza məsələsi həll olunur və bundan sonra - növbəti həftəyə səfər reallaşmalıdı. Əhmədov çarpaz bağlarından xəsarət alıb və sıraya dönməsi 6 ay müddətinə dəyərləndirilirdi".