"Növbəti mövsümə hazırlığımız davam edir. Toplanışın ilk  mərhələsi daha çox fiziki məşqlər üzərində qurulub. Çalışırıq məşqçilərin tapşırığını yerinə yetirək ki, fiziki durumumuz daha yaxşı olsun". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Murad Musayev deyib.

Komandanın kapitanı mövsümlərarası fasilədə ilk yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Hazırlıq dönəmində yoldaşlıq oyunlarının önəmi komandanın oyun ritmindən düşməməsi üçün vacibdir. Qarşıda yenə yoldaşlıq matçlarımız var. Bundan sonra isə çempionata daha yaxşı hazır olacağıq. Növbəti mövsüm üçün hədəfimiz çempionatdakı yerimizi qorumaqdır. "Qəbələ"nin əvvəlki gücünü qaytarmaq istəyirik. Bu gün üçün əsas şərt yeni, mübarizə ruhu yüksək olan kollektiv formalaşdırmaqdır. Rəhbərlik bu yöndə lazımi işlər görür".

Qeyd edək ki, Qəbələ şəhər stadionunda baş tutan ilk yoxlama görüşündə "qırmızı-qaralar" "Şamaxı"nı məğlub edib - 2:1.