Türkiyədə qış təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin qış transferi Patrik Robson de Souza Monteyro "qırmızı-qaralar"ın düşərgəsinə qoşulub. Komandanın baş məşqçisi Elmar Baxşıyevin Sport24.az-a verdiyi məlumata görə, braziliyalı legioner məskunlaşdıqları Antalyaya keçən gecə gəlib.

O, 24 yaşlı hücumameylli yarımmüdafiəçinin artıq hazırlıqda iştirakında problem olmadığını vurğulayıb. Bu yerdə bildirək ki, Parik koronavirusa yoluxduğu üçün Vətənində karantinə alınmışdı. "Qırmızı-qaralar" "sambaçı"nı Avstriyanın "Admira" klubundan 1,5 illik müddətə icarəyə götürüb.  

Baxşıyev soyuqladığı üçün ilk 2 yoxlama matçında iştirak etməyən müdafiəçi Murad Musayevin vəziyyətinin yaxşılığa doğru getdiyini də diqqətimizə çatdırıb.