Braziliyalı futbolçu Mateus Belemin "Qəbələ"yə transferi baş tutmayıb. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 23 yaşlı müdafiəçi artıq ölkəsinə qayıdıb.
"Qırmızı-qaralar"ın heyətində "Kəpəz"lə keçirilən yoxlama görüşündə (2:1) forma geyinən futbolçu ilə müqavilə imzalanması gözlənsə də, tərəflər yekun razılığa gələ bilməyiblər.
Mənbənin bildirdiyinə görə, hətta ilkin mərhələdə aylıq 8 min manat maaş məsələsində anlaşma əldə olunsa da, sonradan razılıq pozulub. Nəticədə Mateus Belem Azərbaycandan ayrılaraq Braziliyaya qayıdıb.
Qeyd edək ki, müqavilə ilə "San Paulu"ya məxsus olan Mateus Belem son olaraq icarə əsasında "Camboriu"nun formasını geyinib.