Cari mövsüm qitəmiqyaslı yarışlara qatılmayacağı Premyer Liqanın son turunda rəsmiləşən “Qəbələ”nin növbəti çempionatda baş məşqçisinin kim olacağına aydınlıq gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi hazırkı çalışdırıcı Elmar Baxşıyevlə işbirliyini davam etdirəcək.

Mövsüm başa çatdıqdan sonra “qırmızı-qaralar”la 41 yaşlı mütəxəssis arasında daha 1 illik müqavilə imzalanacaq.

İnformasiyanı dəqiqləşdirmək üçün “Qəbələ”nin baş meneceri Zaur Əzizovla əlaqə saxladıq. Həmsöhbətimiz dolayısı ilə olsa da məlumatımızı təsdiqlədi:

“Hazırda bu məsələ müzakirə mövzusu deyil. Növbəti mövsüm üçün də məşqçi dəyişikliyi planlarımıza daxil deyil”.

Qeyd edək ki, 41 yaşlı Baxşıyev A lisenziyasını sahibdir. Hazırda o, Pro lisenziyası almaq üçün AFFA-nin təşkil etdiyi kurslarda iştirak edir.