Bu gün Azərbaycan Premyer Liqasında XVII turun oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, bu dəfə turun həftəiçi, matçların eyni gündə keçirilməsi diqqət çəkir. Belə ki, milli komandamızın rəsmi görüşləriyla əlaqədar təqvimdə dəyişiklik olduğundan, bundan sonra III dövrədə turlar arasında fasilə adət etdiyimiz kimi bir həftə olmayacaq.

Bu turla bağlı digər diqqətçəkən məqam Azərbaycana güclü qar yağmasına görə matçların baş tutmasını təhlükə altına olmasıdı. Ancaq görünən budu ki, PFL klublarla birgə səyləri nəticəsində turu keçirə biləcək.

Sözsüz ki, turun mərkəzi qarşılaşması Zirədə olacaq. "Zirə"ylə "Neftçi" cari mövsümdə artıq 5-ci dəfə görüşəcək. Bu da onların yaxında Kubokun 1/4 finalında da rəqib olmasına görədi. Məhz Zirədəki görüş cütün qalibi müəyyənləşdirdi ki, bu, meydan sahibləri oldu. Təbii ki, bu amil çempionatdakı dueldə intriqanı artırır. Hazırda vahid lider olan, "Qarabağ"ı artıq 3 xal qabaqlayan Samir Abasovun komandasının Zirə səfərində büdrəyib-büdrəməyəcəyi maraqla gözlənilir.  "Neftçi" burdan 3 xal ayrılıb, Kubokda da məğlubiyyətin əvəzini çıxa bilərsə, çempionluq yolunda növbəti addım atmış olacaq. Əks təqdirdə "Qarabağ"ın xal fərqini azaltması "ağ-qaralar"ın düşərgəsində gərginlik yaradacaq. Bu yerdə onu bildirək ki, "Neftçi" bu mövsüm "Zirə"ni 4 matçda nəinki məğlub edə, qol da vura bilməyib.

"Qarabağ" isə son 1 ayda "Səbail"lə 2-ci dəfə görüşəcək, özü də yenə "Azərsun Arena"da. Məsələ bundadır ki, bu komandalar arasında qış fasiləsindən sonra ilk dövrədən təxirə salınmış matç keçirildi. Və Qurban Qurbanovun komandası rəqibini 4 cavabsız qolla məğlub etdi. İndi "Qarabağ"a istənilən hesablı qələbə ona görə vacibdi ki, son 2 turda 5 xal itirib. Üstəlik, "Neftçi"nin büdrəmək ehtimalına görə hətta onunla şərikli lider də ola bilər Ağdam təmsilçisi. 

Qış fasiləsindən sonra ən yaxşı komandalardan olan "Sumqayıt" Qəbələyə səfər edib. "Gənclik şəhəri"nin təmsilçisini turnir cədvəlində ən yaxın izləyicisi "Qəbələ"ylə səfər sınağı gözləyir ki, bu, heç də asan olmayacaq. Çünki bu komanda "Sumqayıt" üçün ən arzuolunmaz rəqiblərdəndi. Təsadüfi deyil ki, cari mövsüm onu məğlub edə bilməyib, 1 il əvvəl Qəbələ səfərində ümumiyyətlə, darmadağın olub - 0:5. Ayxan Abbasovun komandası qalib gələrsə isə xal fərqini 8-yə yüksəldərək, avrokuboklara vəsiqə verə bilən 4-cü pillədə mövqeyini möhkəmləndirəcək, hətta 3-cü yerə də yüksəlmək şansına da malik olacaq. 

Masazırda isə turnir cədvəlində son pilləni bölüşdürənlərin dueli olacaq. "Sabah" bu dəfə "Keşlə"ylə şəxsi oyunlardakı nəticələrə görə yenidən 8-ci yerdədi. Yeri gəlmişkən, bu göstərici komandanın zəif yeridi. Çünki "Sabah" "Keşlə"yə son 7 matçda qalib gələ bilməyib, ümumiyyətlə isə evdə onu məğlub etməyi bacarmayıb. Yeganə qələbəsi bu komandaların ilk görüşündə olaraq, "Sabah"ın Premyer Liqada debütündə ilk qələbəsi kimi tarixə düşüb. 

 Azərbaycan Premyer Liqası

XVII tur

15:00. "Qəbələ" - "Sumqayıt"

Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ. Şəhər stadionu

Cari çempionatdakı matçlar - 1:1, 1:0

16:00. "Zirə" - "Neftçi"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Bakı. Zirə Olimpiya Kompleksinin stadionu

Cari çempionatdakı matçlar - 1:0, 0:0

17:30. "Sabah" - "Keşlə"

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Bakı. "Bank Respublika Arena" stadionu

Cari çempionatdakı matçlar - 0:2, 1:1

18:30. "Qarabağ" - "Səbail" 

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Bakı. "Azərsun Arena" stadionu

Cari çempionatdakı matçlar - 4:0, 1:1