"Xankəndi" ilə oyunun çətin olacağını bilirdik. Rəqibin yaxşı futbolçulardan ibarət heyəti var". Bu sözləri Sport24.az-a açıqlamasında"Qaradağ Lökbatan" komandasının futbolçusu İsa Zeynallı deyib.

Təcrübəli futbolçu komandasının "Xankəndi" üzərində qələbəsini şərh edib:

"Yaratdığımız epizodlardan istifadə edərək, qalib gəldik. Düzdür, rəqibin də şansları var idi, amma ümumi götürəndə daha üstün tərəf biz idik. Komandamız ötən mövsüm Birinci Liqadan İkinci Liqaya düşüb. Buna görə çempionata başlayanda "Qaradağ Lökbatan" komandası olaraq qarşımıza çempionluq hədəfi qoymuşuq. Çempion olmaq üçün liderliyi əlimizdə saxlamalıyıq. Mövsümün əvvəlində bu nəticəni gözləyirdik. "Qaradağ Lökbatan" həmişə Birinci Liqada ön sıralarda olub. Bu komandanın İkinci Liqaya düşməsi heç də yaxşı hal deyil. Çempion olub, komandanı layiq olduğu yerə qaytarmaq istəyirik".

Qeyd edək ki, "Qaradağ Lökbatan" "Xankəndi" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.