Bu gün Premyer Liqamızda nəhs - XIII tura start veriləcək. Sport24.az xəbər verir ki, avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsində son matçı növbəti həftəiçi olacağından, bu dəfə ilk oyun günü meydana çıxacaq.  

Tura isə çempionatın autsayderlərinin dueli ilə start veriləcək. “Keşlə” və “Səbail” arasında paytaxt derbisində qalib gələcək komanda turnir cədvəlində 6-cı pilləyədək irəliləmək imkanına malikdi. Meydan sahibləri 2, qonaqlar 4 matçlıq məğlubiyyət seriyasını qırmaq üçün meydana çıxacaq. “Keşlə” bu rəqib üzərinddə ardıcıl 2 qələbə qazanıb. “Səbail” isə 3 oyundur həmşəhərlilərinə qalib gəlmir. "Keşlə" 2022-ci ildə qış fasiləsindən sonra Şamaxıya köçüb, eyniadlı rayonun adını daşıması reallaşarsa, bu, "ASK Arena"da son ev matçı olacaq.

Onu da bildirək ki, "Səbail"in baş məşqçisi Aftandil Hacıyev keçən il də qış fasiləsinə az qalmış "Keşlə" səfərində "texniki zona"da deyildi. Onda koronavirusa yoluxduğundan karantində olan 40 yaşlı mütəxəssis indi cəzalıdı və ən yaxşı halda tribunada yer ala biləcək. 

Bu günə liderin görüşü ilə yekun vurulacaq. Belə ki, “Qarabağ” ikinci dövrədə uduzmayan yeganə komanda, yüksəlişdə olan “Sabah”ı qəbul edəcək. Ağdam təmsilçisi bu qarşılaşmada qalib gəlsə, qış çempionu olacaq. Son 4 turda qələbələri sıralayan Qurban Qurbanovun komandası digər nəticələrlə də buna nail ola bilər. Lakin bunun üçün turun ikinci gününün nəticələrini gözləməlidir. “Sabah” isə məğlubiyyətsiz oyunlar seriyasını 6-ya çatdırmaq və ilk "3-lük"lə fərqi azaltmağa can atacaq. Bu yerdə bildirək ki, “Qarabağ” indiyədək bu rəqibə uduzmayıb. "Sabah" isə son 5 matçda xal belə qazanmayıb.

Sabah ilk olaraq "Neftçi"nin bu il son ev matçı diqqət çəkəcək. "Ağ-qaralar" son 3 mövsümdə onun üçün arzuolunmaz komanda olan "Sumqayıt"la görüşəcək. Düzdür, onu da nəzərə alaq ki, Ayxan Abbasovun komandası bu mövsüm heç də özünə bənzəmir və bu, "Neftçi"nin qələbə şanslarını artırı. Həm də komandanın irəlidə olan turnir cədvəlində olan "Zirə" ilə "Qəbələ" bu tur görüşüdüyündən, rəqiblərindən birinin xal itkisi qaçılmazdı. "Neftçi" Zirədə ən çox heç-heçə qeydə alınmasını arzulayacaq ki, bu halda rəqibləriylə xallarını bərabərləşdirə biləcək. "Neftçi" ilə "Sumqayıt"ın görüşünün son 7-də meydan sahibi komanda qələbə qazanmaması diqqət çəkir. Bakılılar son iki ev matçında eyni – 0:2 hesabı ilə uduzub.

"Zirə" ilə "Qəbələ" arasında oyunda bərabərlik ona görə realdı ki, son 3 qarşılaşmaları heç-heçə başa çatıb. “Qartallar" son iki ev matçında qol buraxmayıb.

 

Azərbaycan Premyer Liqası

XIII tur

4 dekabr (şənbə)

16:00. “Keşlə” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Bakı. “ASK Arena” stadionu

İlk dövrədəki matç - 2:1

18:15. “Qarabağ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Bakı. “Azərsun Arena” stadionu

 

5 dekabr (bazar)

16:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Bakı. “Bakcell Arena” stadionu

İlk dövrədəki matç - 1:1

18:15. “Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Bakı. Zirə İdman Kompleksinin stadionu

İlk dövrədəki matç - 1:1