"Qarabağ"ın 2 futbolçusu UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur matçlarından sonra ən yaxşı oyunçuların sırasına düşüb. Sport24.az xəbər verir ki, kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular arasında ilk "3-lük"də qərarlaşıb.

Belə ki, 28 yaşlı legioner Bakıda "Kayrat"a 2:1 hesabı ilə qalib gəldikləri görüşdə 79 dəqiq ötürmə müəllifi olub. Medina bu göstərici ilə yalnız İsrailin "Makkabi" (Təl-Əviv) klubunun futbolçusu Luis Ernandesdən (99) geri qalıb. Bundan başqa, Kevin oyun ərzində rəqibin hücumları zamanı 13 dəfə ötürmələrin qarşısını kəsib. O, bu göstərici üzrə 2-dir.

Ağdam klubunun digər legioneri - fransalı sol cinah yarımmüdafiəçisi Abdullah Zubir isə "Kayrat"la matçda 5 dəfə təhlükəli cinah reydi ilə yadda qalıb. Bu da 30 yaşlı Mərakeş əsilli vingerin ən yaxşı 6 futbolçu arasında yer almasına səbəb olub.