"Oyun planlaşdırdığımız kimi olmadı. Erkən qol planlarımızı pozdu, lakin belə tez dağılmamalı idik. İmkanlardan yararlana bilmədik". Sport24.az xəbər verir ki, bu fikirləri "Ferentsvaroş"un futbolçusu Veçsey Balint Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la cavab oyunundan sonra fikirlərini bildirib.
Onun sözlərinə görə, ikinci hissədə daha çox risk edərək irəli gediblər: "Təəssüf ki, "Qarabağ" əks-hücumlardan yaxşı istifadə etdi. "Qarabağ"ın ən kiçik səhvi cəzalandıracaq futbolçuları var. Çoxlu səhvlərə yol verdik və onlar bundan istifadə etdilər. Evdə Çempionlar Liqasına vida etdik. Düşünürdük ki, burda mərhələ keçə bilərik. Təslim olmayacağıq. Yolumuza Avropa Liqasında davam edirik. İstəyimiz qrup mərhələsinə vəsiqə qazanmaqdı".

Macarıstan millisinin üzvü Bakıdakı 1:1 hesablı heç-heçədən sonra evə ümidli yollandıqlarını, amma öz meydanlarında istədikləri oyunu sərgiləyə bilmədiklərini vurğulayıb: “Matçda bir az yuxuya getdik, topu yavaş ötürürdük. Topa sahib olduqdan sonra da sürətli keçidlərin icrası praktiki olaraq uğursuz alındı. Topla yavaş davrandıq və rəqibi “sındıra” bilmədik. İkinci hissədə bunu yaxşılaşdırmaq istədik, alınmadı. Evdə irəliləyə bilmədiyimiz üçün məyusuq. Bu da çox incidir"