"İlə qələbəylə start götürmək çətin idi. Axı, biz özümüz də yaxşı komandalara qarşı oynayırdıq. Elə-belə oyunlar keçirmirik ki...Premyer Liqamızda real olaraq yaxşı rəqiblərimiz var və buna görə çətin olur. Şərait hamı üçün eynidi. Fasilədən sonra bir az çətin olur, amma əsas odur ki, yekunda qalib gəlmişik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Ramil Şeydayev deyib.

Qış fasiləsində komandasının heyətində baş verən dəyişikliklərə, itkilərə və xüsusilə Kadi Borgesin gedişinə münasibətini bildirən 27 yaşlı hücumçu zəifləmədiklərini düşünür: "Əslində, bu, baş məşqçiyə aid məsələdi. Mən futbolçuyam, işim məşq edib oynamaqdı. Komandada öz işimi görürəm. "Qarabağ" elə bir komandadı ki, bir futbolçudan zəifləyə bilməz. Çünki "Qarabağ" bir sistemdi. Bu fikirlə razıyam ki, orda Qurban Qurbanov varsa, hər şey "ok" olacaq". 

Məlumdu ki, Şeydayev hazırda Premyer Liqamızda 14 qolla bombardirdi. O, həm çempionatda şəxsi, həm də çıxış edəcəkləri Konfrans Liqasında komandasının məqsədi haqda da danışıb: "Çempionatın bombardiri olmaq məqsədim var. Bəli, istəyirəm ki, Azərbaycan Premyer Liqasında ilk dəfə ən sərrast oyunçu olum. İnşallah, Konfrans Liqasında da uğurlu nəticə gözləyirəm. Məqsədimiz qarşıdakı mərhələdən qalib ayrılmaqdı".

Xatırladaq ki, "Qarabağ" Konfrans Liqasının pley-offunda Belçikanın "Gent" klubuyla görüşəcək. İlk matç fevralın 16-da Bakıda, cavab görüşü bir həftə sonra Gentdə olacaq. 

 

 

MEHMAN SÜLEYMANOV