"Qarabağ" son turda oynaya-oynaya oktyabrın 21-dəki matçı gözləyirdi. Futbolçuların beyinlərində "Kayrat"la qarşıdakı vacib qarşılaşma yer almışdı". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov bildirib. 

Ağdam klubunun Konfrans Liqasının qrup mərhələsindəki "Kayrat"la sabahkı matçdan gözləntilərini bizimlə bölüşən AFFA Məşçqçilər Komitəsinin üzvü hələ SSRİ dövründən yaxşı tanıdığı bu rəqibi dəyərləndirib: "Son olaraq "Kayrat"ın görmüşəm ilk turda "Omoniya" qarşı. Almatıdakı bu matçı televiziyadan izlədim. Qolsuz bərabərlik qeydə alındı, ancaq deyim ki, kiprlilər üstün oynadı. Amma gəlin, belə danışaq ki, "Kayrat"ın baş məşqçisi kimdi - Kurban Berdıyev. O Berdıyev ki, müdafiəni çox uğurlu qurur və komandanı kökləyə bilir. Bu, əsas amildi. Həmişə deyirik ki, əvvəl evini düzəlt, sonra hücuma keç. Bax, Berdıyev, bu prinsiplə işləyir.  "Rubin"i 2 dəfə Rusiya çempionu elədi, buna nail olmaq asan deyil. "Rostov"la da çempion ola bilərdi, nəsə axırıncı turlarda alınmadı, gümüş medalçı oldu. Amma indiki halda hazırkı komandası başa düşməldi ki, pley-offa vəsiqə verən 1-2-ci yerlər uğrunda mübarizə aparırsa, açılmalıdı, hücum etməlidi. Təkcə müdafiədə oturmaqla heç nə eləmək olmaz. Rəqibin hücum etməyə məcbur olması isə "Qarabağ"a sərf edir. Çünki "Kayrat" açılsa, qələbə şansı artacaq. Açıq deyirəm ki, "Qarabağ" öz oyununa görə "Kayrat"dan üstündü, bu, məlum məsələdi. Ağdam klubu çox yüksək səviyyəli oyun göstərir".

Mircavadov keçmiş komandasından sabah qələbə gözləyərək, bunu vacibliyinə toxunub: "Əvvəla, qrup mərhələsini keçmək üçün mütləq qalibiyyət lazımdı. Üstəlik, iki həftə sonra "Qarabağ" Almatıda oynayır. Ümumiyyətlə, əvvəlki illərə - Sovet dövrünə nəzər saldıqda, "Neftçi"nin ən ağır matçı "Kayrat"la səfər oyunu idi. Onları udanda 1:0 güclə yenirdik. Bir dəfə mənim vaxtımnda - 1987-ci ildə Bakıda 6:0 qələbə qazanmışdıq. Yox, hesaba görə fikirləşməyin ki, "Kayrat" onda zəif idi. Sadəcə, "Neftçi" həmin vaxt əla oynayırdı. 9 tur uduzmadıq. Onda "Dnepr" çempion oldu, onun çempionluq qrafikiylə gedirdik. Uşaqlarda həvəs, istək böyük idi, oyunu da tutmuşduq. Onda komandanı pis hazırlamamışdıq. Baş məşqçimiz də Aleksandr Sevidov idi, mən ikinci məşqçi idim. Sonra nəsə oyunçularla problemi yarandı. Yaşlı kişi idi, getdi burdan. Sonralar Kiyevin və Minskin "Dinamo" klublarında işlədi. Sizə deyim ki, işinin ustası idi Sevidov. Təcrübəli mütəxəssis kimi ondan çox şey öyrənirdik. "Kayrat"a qarşı futboçularımızın hamısı ideal oynadı, ilk hissə səhv eləmirsə, 3:0 oldu. Almatıda isə ona görə çox ağır oynayırdıq ki, dəniz səviyyəssində 3 min metrdən artıq yüksəkdə idi. Nəticədə oksigen çatışmazlığı olurdu. Ancaq hal-hazırda adaptasiya lazım deyil, çünki bu, 3 gündən sonra olur. Onlar isə "Qarabağ" Almatıya gələndən az sonra görüşəcəklər. Yəni, belə başa düşürəm ki, problem olmamalıdı bizim üçün".

74 yaşlı mütəxəssis "Qarabağ"ın Avropada göstərdiyi oyunu nümayiş etdirməsinin vacibliyini ön plana çəkib: "Elə başa düşürəm ki, təmsilçimiz sakit halda oynamalıdı. Belə vəziyyətdə psixoloji durum ən vacib amillərdəndi. Bir də Avropa oyununu qaytarmaq lazımdı. Necə ki "Omoniya"ya, "Bazel"ə, "Aberdin"ə qarşı göstərmişdi. "Qarabağ"ın həmin yüksək səviyyəli oyun üzərində mütləq dayanmalıyıq və bu, təkrar olunmalıdı. Meydançanın vəziyyəti da buna imkan verəcək. Bu yaxında "Tofiq Bəhramov"da olmuşam və gördüm ki, qazon yaxşıdı".

Xatırladaq ki, "Qarabağ" - "Kayrat" oyunu sabah Respublika stadionunda sabah 20:45-də keçiriləcək. 

 

 

 

MEHMAN SÜLEYMANOV