"Amin Ramazanovun müqaviləsi qışa qədər idi. Sözləşmə bitəndən sonra "Qarabağ"a qayıtdı". Bu sözləri Sport24.az-a I Liqada çıxış edən "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.
Mütəxəssis Azərbaycanın U-21 millisinin sabiq qolkiperinin bölgə təmsilçisindən ayrılması ilə bağlı danışıb:
"Niyə saxlamadıq? Bu barədə deyiləcək çox söz yoxdur. Biz onun komandada olmasını istəyirdik. Sadəcə, "Qarabağ"a məxsusdur. Danışığımız da qışadək olmuşdu. İndi "Qarabağ"dadır. Bildiyim qədər Ağdam klubunda qapıçı mövqeyində çətinliklər var. Şahruddin Məhəmmədəliyev zədələndiyindən Aminə ehtiyac duyuldu. Bizimisə hazırda iki qapıçımız var".
Məmmədov heyətə başqa qolkiper cəlb etmək niyyətində olmadıqlarını sözlərinə əlavə edib: "Qeyd etdiyim kimi hazırda iki qapıçımız var. Hər ikisi yerlidir. Davud Şabanov və Məmməd Muradov mövsümün sonunadək "çərçivəni" qoruyacaq. Gənc qapıçımız da var".
Qeyd edək ki, Amin Ramazanov mövsümün ilk yarısında icarə əsasında "Zaqatala"nın formasını geyinib.