"Qarabağ"ın yeni müqavilə imzaladığı Pedro Bikalyonun sözləşməsinin bəzi detalları məlum olub. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi 25 yaşlı yarımmüdafiəçiyə müxtəlif klublardan ciddi maraq olduğu üçün onunla əməkdaşlığı uzatmağa qərar verib.
Klub rəhbərliyi yeni müqavilə çərçivəsində braziliyalı futbolçunun maaşını da artırmağa razılıq verib. Tərəflər arasında imzalanan yeni sözləşməyə əsasən, Bikalyonun müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər uzadılıb.
Mənbənin bildirdiyinə görə, futbolçunun yeni müqaviləsinə xüsusi transfer bəndi də əlavə edilib. Həmin bənddə nəzərdə tutulan məbləği dəqiqləşdirmək mümkün olmasa da, Pedro Bikalyonu heyətinə qatmaq istəyən hər hansı klubun kifayət qədər yüksək təzminat ödəməli olacağı qeyd edilir.
Qeyd edək ki, Pedro Bikalyo 2025-ci ildən "Qarabağ"ın formasını geyinir və qısa müddətdə komandanın əsas oyunçularından birinə çevrilib.