"Qarabağ"ın daha bir futbolçusu komandadan ayrıla bilər. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Leandro Andrade Ağdam təmsilçisi ilə yollarını ayırmaq niyyətindədir.
26 yaşlı vinger bu qərarı ilə bağlı agentini də məlumatlandırıb. Kabo-Verde millisinin üzvü karyerasında yeni çağırış axtarır və fərqli çempionatda çıxış etməyə üstünlük verir.
Mənbənin bildirdiyinə əsasən, Andrade ilə maraqlanan klublar da mövcuddur. Futbolçunun "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olduğundan, onun azad agent kimi ayrılması mümkün deyil. Bu səbəbdən Ağdam təmsilçisi uyğun təklif gələcəyi təqdirdə oyunçunun transferinə razılıq verə bilər.
Qeyd edək ki, Leandro Andrade 2022-ci ildən "Qarabağ"ın formasını geyinir.