"Qarabağ" komandasında mövsümün ən parlaq futbolçularından olan Mateuş Koxalski ətrafında transfer həyəcanı artır. Sport24.az xəbər verir ki, məşhur "Corriere dello Sport" nəşri oyunçunun Azərbaycan çempionundan mümkün gedişi ilə bağlı xəbər hazırlayıb.

Çempionlar Liqasında göstərdiyi möhtəşəm çıxışlarla gündəmə gələn polşalı qapıçı Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Onunla İtaliyanın "Napoli" və Almaniyanın "Borussiya" (Dortmund) komandası ciddi şəkildə maraqlanır.

İtaliya mediası yazır ki, Dortmund klubu artıq Koxalskinin transferi ilə bağlı ilk addımları atıb. Bundesliqa təmsilçisi qış "transfer pəncərəsi"ndə polşalı qolkiperi heyətinə qatmaq üçün danışıqlara başlamağa hazırlaşır.

Ötən yay karyerasını davam etdirmək üçün Azərbaycana gələn Koxalski "Qarabağ"la Çempionlar Liqasında yüksək səviyyə sərgiləməklə adından söz etdirib. Xüsusilə "Napoli" ilə oyundakı performansı İtaliya çempionunun da diqqətini çəkib və klub polşalı qapıçının transferini real variant kimi dəyərləndirir.

"Qarabağ"ın Çempionlar Liqasında "Ayaks", "Ayntraxt Frankfurt" və "Liverpul"la oyunları qalıb.

İtaliya mediasının iddiasına görə, böyük ehtimalla Koxalski son iki qarşılaşmada iştirak etməyəcək. Çünki polşalı qapıçı böyük transferə doğru sürətlə yaxınlaşır.