Misli Premyer Liqasının XX tur həyəcanı davam edir. Turun növbəti görüşü bu gün "Azərsun Arena"da "Qarabağ" və "Şamaxı" arasında baş tutacaq. Sport24.az cütlüyün sarı vərəqə limitində olan futbolçuları ilə bağlı məlumatları təqdim edir.

Meydan sahibi "Qarabağ" kollektivinin iki futbolçusu sarı vərəqə limitindədir. I, II və XIII turlarda sarı vərəqə alan müdafiəçi Rahil Məmmədov cəzanın astanasındadı. Məmmədov "Şamaxı" ilə görüşmədə də "sarı" alarsa, XXI turda Gəncədə "Kəpəz"lə keçiriləcək görüşdə komandasına kömək edə bilməyəcək. Dördüncü sarı vərəqəyə yaxınlaşan daha bir futbolçu isə digər mərkəz müdafiəçisi Bəhlul Mustafazadədi. O. I, IV və XVIII turlarda hakim cəzasına məruz qalıb. Komanda yoldaşı Rahildə olduğu kimi, Bəhlul da bu tur sarı vərəqə alacağı təqdirdə, Gəncədəki görüşü buraxmalı olacaq. Onu da bildirək ki, "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Julio Romao 4 sarı vərəqə aldığı üçün "Şamaxı" ilə oyunu tribunadan izləməli olacaq.

Qonaq komandanın isə "Azərsun Arena"ya tam heyətlə çıxacağını demək olar. Əyalət təmsilçisinin heyətində cəzalı futbolçu olmasa da, iki futbolçusu cəzanın bir addımlığındadı. "Qarabağ"dan fərqli olaraq, "Şamaxı"da iki yarımmüdafiəçi sarı vərəqə limitini doldurmağa yaxındı. Yarımmüdafiəçilər -  kapitan Elvin Məmmədov III, V və XV, Bahadur Həziyev isə I, VIII və XV turlarda "qazandıqları" sarı vərəqə sayəsində limitə yaxınlaşıblar. Adıçəkilən futbolçular bu görüşdə cəzalanacaqları təqdirdə növbəti turda "Turan Tovuz"la keçiriləcək ev oyununda iştirak edə bilməyəcəklər.

Xatırladaq ki, "Qarabağ" - "Şamaxı" matçı saat 16:00-da başlayacaq.