"Sabah" Premyer Liqada ilk qələbəsini ikinci dövrənin startındaca, ən əsası, baş məşqçisi Ramin Quliyevin istefasından sonra reallaşdırdı. Bu, evdə "Sumqayıt" üzərində 3:0 hesabıyla və ən əsası, komandanı meydana çıxaran idman direktoru İqor Ponomaryovun rəhbərliyi altında qazanıldı. Təcrübəli mütəxəssis Sport24.az-a verdiyi müsahibədə bir sıra məqamlara aydınlıq gətirib.

- Komandanı meydana köməkçi məşqçi İlkin Hüseynovun çıxaracağı gözlənilirdi. Ancaq son anda bəlli oldi ki, komandaya "texniki zona"dan siz rəhbərlik edirsiniz... 

- Komandanı matça İlkin və Rəşad Hüseynovlar, onlarla birgə digər məşqçilərimiz hazırlaşdırdı. Konkret olaraq mən komandaya oyuna 1 gün qalmış - nahar vaxtı qoşuldum. Komandaya "texniki zona"dan rəhbərlik etməyim optimal variant idi. Təbii ki, heyətdə müəyyən dəyişiklər elədim. 

- "Sabah"da ilk dövrədə əsas nə alınmırdı ki, bu dəfə alındı?

- Mənə elə gəlir ki, ilk dövrədə komandada müəyyən uğursuzluq, bəxtsizlik oldu. Eyni zamanda hakim səhvləri ilə də üzləşdik və buna diqqət yetirdik. Görünür, bizdə komanda şəklində hardasa nəsə alınmırdı. 

- Oyuna 2 gün qalmışadək baş məşqçi Ramin Quliyev idi və o, "Sumqayıt"la matça hazırlıqda iştirak eləmişdi. Bu qələbədə onun nə qədər payı var, bir motivator olaraq sizin nə qədər?

- Raminə afərin, yaxşı işləyirdi. Ancaq komanda bu qədər matç uduzdusa, cəmi 1 xal topladısa, deməli, nəsə yolunda deyildi. Digər tərəfdən, onu hər şeydə günahlandımaq da olmaz. Fikrimcə,  Quliyev işini yaxşı görürdü. Bilmirəm, komandanı belə qısa müddətdə necə motvasiya etdirməyi çatdıra bildim. Ola bilər bəzi dəyişikliklər elədim, bir qədər fərqli işlədim komandayla hansısa saatlarda. Bu, futbolçularla söhbət və başqa planda idi.  

- Sizcə, matçın 12-ci dəqiqəsində rəqibin aldığı qırmızı vərəqə və böyük hissəni say üstünlüyündə keçirməyiniz nəticəyə nə dərəcədə təsir göstərdi? Gənc həmkarınız Ayxaan Abbasov görüşdən sonra mətbuat konfransında vurğuladı ki, baş hakim İnqilab Məmmədov komandasının məğlubiyyəti üçün hər şey elədi...

- Əlbəttə, istənilən komanda matçın əvvəlində qırmızı vərəqə almaq istəmir ki, nəticədə demək olar bütün matçı azlıqda oynamalı olur. Təbii ki, bu, çox çətindi. İlk hsisədə əhəmiyyətli üstünülüyümüz olsa da, rəqib bunun qarşısında tab gətirə bildi. Bilirdik ki, "Sumqayıt" yavaş-yavaş yorulacaq. Bu, aydın məsələ idi. Müdafiədən hücuma daha tez keçməklə, son zonada daha tez oynamaqla oyunumuzu sürətləndirmək istəyirdik. Bu, rəqib qırmızı vərəqə alanadan sonra düşündüyümüz plan  idi. Futbolçularımızın hamısı qarşıya qoyulan vəzifəni yerinə yetirdi. Hamısı çalışırdı, bir nəfər yox idi ki, meydanda səy göstərməsin. Hamı bütün gücünü qoydu, hamı başa düşürdü ki. qalibiyyət bizə çox lazımdı. Buna görə hamısına "çox sağ ol" deyirəm. 

- İki il əvvəl "Sabah"da baş məşqçi əvəzi olduğunuzda da komanda özünə gəldi, qələbələr qazanmağa başladı. İndi də eyni ssenariyə doğru gedir. Bəlkə elə özünüz baş məşqçi olasınız? Bu planınızda yoxdu?

- Komandada mənim rolum var. Bu da idman direktoru vəzifəsidi. Orda da çox işimiz var. Xeyli yaxşı gənc futbolçumuz var ki, onları da inkişaf elətdirmək lazımdı. Üstəlik, əsas və əvəzedici komandalarımıza nəzarət, bir sözlə, çoxlu işimiz var. Ancaq onu demək istəyirəm ki, istənilən halda, belə planım yoxdu baş məşqçi olmaq. Ancaq yaxın vaxtda yeni baş məşqçi tapa bilməyəcəyiksə, təbii ki, bu vəzifədə olacam. Sadəcə, bir daha deyirəm ki, baş məşqçi olmaq planıma daxil deyil. Çünki "Sabah"da digər vəzifəni yerinə yetirirəm. Hər şey edirəm ki, klub daha yaxşı, inkişaf yolunda olsun. 

- Mətbuatda yeni baş məşqçiylə bağlı namizədlərin adları çəkilir. Bunlar sizə yaxşı tanış olan keçmiş komanda yoldaşlarınız - Vaqif Sadıqov, Əsgər Abdullayev, Vladislav Qədirovdu. Namizədləri, yeni baş məşqçinin yerli, yoxsa əcnəbi olacağını artıq müəyyənləşdirmisiniz?

- Adını çəkdiyiniz bu mütəxəssislərin heç biriylə danışıqlarımız olmayıb. Hələ ki axtarışdayıq, fikirləşirik kimə "stavka" edək - yerliyə, yoxsa əcnəbiyə. Bunu götür-qoy edirik və bir sıra namizədlərimiz var bu posta. Ancaq konkret heç bir şey yoxdu. Bəli, "Krasnodar"ın sabiq baş məşqçisi Murad Musayev Bakıya gəlib. Dünən onunla görüşdük, fikirlərini dinlədik, öz düşüncələrimizi bildirdik. Baş məşqçi postuna ümumiyyətlə, çoxlu namizədimiz var, o da onlardan biridi. Buna görə xüsusi bir şey yoxdu bu rusiyalı mütəxəssislə görüşdə. Ümumi razılığa gələcəyik, ya yox - bunlar ayrı-ayrı şeylərdi. Biz birgə həmin məşqçiyə qiymət verəcəyik, baxacağıq necə olacaq. İstənilən halda, yeni baş məşqçi axtarırıq, bu yöndə işləyirik. 

 

 

 

MEHMAN SÜLEYMANOV