"Səbail"in Misli Premyer Liqasının XX turunda "Kəpəz"lə ev matçının ilk hissəsində ağır zədələnərək əvəzlənən, dərhal da xəstəxanaya çatdırılan legioneri Kizito Luvaqanın vəziyyəti qənaətbəxşdi. Bu haqda Sport24.az-a məlumat verən klubun icraçı-direktoru Fərəc Əliyev uqandalı hücumçuyla videogörüntülü danışdıqlarını deyib: "Vəziyyəti düzəlir. Amma hər ehtimala qarşı KT müayinəsi də ediblər, cavabını gözləyirik. Əsas odur ki, futbolçumuzun huşu özündədi, danışa bilir. Ümumi götürsək, zədəni baş nahiyəsindən alıb. Ola bilər, gözünün altıdı, bir az kənarıdı. Amma ümumilikdə zərbə başla olub. Yəqin ki, diaqnoz yüngül beyin silkələnməsidi".

Əliyev onu da bildirib ki, komandanın həkimlərindən biri hazırda futbolçunun yanındadı: "O, Kizitoyla birgə stadiondan klinikaya getdi. Onunla da danışdım futbolçunun vəziyyəti haqda. Rahat olmağımız üçün hərtərəfli müayinə də edilib. Allah qoysa, Luvaqa tezliklə xəstəxanadan çıxar və gələn oyunumuza kimi hazır olar".

Xatərladaq ki, "Səbail" növbəti turda fevralın 6-da "Sabah"ın qonağı olacaq.

 

 

MEHMAN SÜLEYMANOV