Honkonqda keçirilən basketbolun 3x3 növü üzrə qadınların Olimpiya Təsnifat Turnirindən sonra FİBA-nın reytinq cədvəlləri açıqlanıb. Sport24.az xəbər verir ki, yarışda çempionluq yaşamaqla Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan Azərbaycan millisinin uğuru təmsilçilərimizin mövqeyində də əksini tapıb.

 

Basketbolçuların fərdi reytinqində Honkonqda iştirak etməyən Brianna Frezer dünyanın 4-cü ən yaxşısıdır – 199,939. Aleksandra Mollenhauer da "Top-10"da yer alıb. O, 163,227 xalla 9-cudur. 140,426 xala malik Dina Ulyanova dünyanın 16-cı basketbolçusu sayılır.

 

Qadınlardan ibarət Azərbaycan millisi komandaların reytinqində 12-ci pillədə qərarlaşıb. Brianna, Dina və Aleksandradan ibarət "üçlük" Avropa yığmaları arasında 5-cidir.

 

Qadınların federasiya reytinqində Azərbaycan 12-cidir. Bu, Avropada 8-ci göstəricidir - 622,327 xal.

 

Qeyd edək ki, basketbol yığmamız komanda idman növləri tarixində ilk dəfə Olimpiya Oyunlarında iştirak hüququ qazanıb.