"Turan"ın daha bir afrikalı legineri üçün bu il erkən bitib. Bu haqda Sport24.az-a məlumat verən komandanın baş məşqçisi Ayxan Abbasov yarımmüdafiəçi Henri Okebuqvu kimi, Cənubi Afrika Respublika millisinin kapitanı olan müdafiəçisi Xulu Siyandanın zədəsinin ciddi olduğunu açıqlayıb: "O, milliyə yoldaşlıq görüşlərinə yollanmışdı və onda çiyni sınıb. Orda da əməliyyat ediblər. Bu üzdən Xulu öz ölkəsində qaldı, bura gəlmədi. Qış fasiləsində düşərgəmizə dönəcək".

Abbasov digər zədəlilər haqda məlumat verərək, təcrübəli müdafiəçisi, kapitanı Şəhriyar Əliyevlə hücum xəttinin liderləridən olan britaniyalı hücumçusu Natan Oduvanın köhnə zədələrindən əziyyət çəkdiklərini diqqətimizə çatdırıb: "Onlarda iç əzələdə problemlər var. Köhnə zədələrdi, suni qazonda daha çox öz sözünü deyir. Müayinə olunaraq lazımı müalicə alırlar. Digər müdafiəçimiz Eltun Turabov məşqdə zədələnib. Onda əzələ dartmasıdı. Həkimlər bir həftəyə sıraya qayıdacağını demişdi. 5-6 gün keçib, görək "Zirə"yə qarşı oynaya biləcəkmi... Cinah yarımmüdafiəçimiz Cavid Tağıyev də əzələsini dartmışdı. Sağalıb, yavaş-yavaş məşq edir".

Onu da bildirək ki, tovuzlular Misli Premyer Liqasıın növbəti turunda dekabrın 4-də "Zirə"nin qonağı olacaq. Komanda artıq Bakıda yığışaraq son 2 məşqini Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirəcək.  

"Turan"ı gözləyən təhlükə - Əgər Ayxan Abbasov gedərsə...

 

 

MEHMAN SÜLEYMANOV