"Qəbələ"nin futbolçusu Nicat Əliyev Sport24.az-a müsahibə verib. 23 yaşlı müdafiəçi həm komandasının durumundan, həm də İcraiyyə Komitəsinin dünənki qərarından danışıb.

 

- Ardıcıl iki oyunda meydanı qələbə ilə tərk etdiz. Əvvəlki matçlarda uğur qazanmağınıza nə mane olurdu?
- Təbii ki, qələbə qazanmaq xoşdu. Çox təəssüflər olsun ki, uğurlu nəticələrimiz sonuncu yerdə olmağımız rəsmləşəndən sonra gəldi. Yaxşı olardı ki, uğurlu seriyanı bir qədər əvvəl yaxalayardıq. Heç kim və heç nə bizə mane olmurdu. Sadəcə, alınmırdı.


- Kaxaber Tsxadadzenin gəlişi ilə daha çox forma geyinmək şansı qazanmısan. Gürcü mütəxəssis sənə daha çox güvənməyinin səbəbi nədi?  
- Elmar Baxşıyevin vaxtında da kollektivdə idim. Sadəcə, az-az meydana çıxırdım. İndi daha çox şans qazanıram. Görünür gürcü mütəxəssisin oyun taktikasına uyğun gəlirəm.


- "Qəbələ"yə güzəşt olunmadı və komandanın gələn mövsümdə I Liqada mübarizə aparacağı dəqiqləşdi...
- İcraiyyə Komitəsi son ümidimiz idi.
Amma komanda sayı artırılmadı. Odur ki, taleyimizlə barışıb aşağı liqada adımıza layiq çıxış edəcəyik.

 

- Yeni mövsümdə də səni "qırmızı-qaralar"ın düşərgəsində görəcəyik, yoxsa...
- Hazırda çempionatın bitməsini gözləyirəm. Amma klubla müqaviləm var. Böyük ehtimal burda qalacam.


ABDULLA İSMAYILOĞLU