Millimiz ardıcıl 4-cü qələbəsini qazanaraq öz rekordunu yenilədi. Budəfəki qələbə yoldaşlıq görüşündə reallaşdı. UEFA Millətlər Liqasının son 3 matçını qələbəylə başa vuran Canni de Byazinin komandası indi Moldovanı Kişinyovda 2:1 hesabıyla məğlub etdi. 

Millimizin qələbəsi layiqli idi. Rəqibi həm topla oyunda, həm də ustalıq səviyyəsində üstələdik. Səfərdə rəqib azarkeşləri qarşısında çıxış etsək də, özümüzü qonaq yox, ev sahibi kimi apararaq ilk dəqiqələrdən dominantlıq etdik. Düzdür, ikinci hissədə rəqibin hücumları daha çox idi və yekunda qol vursa da, burda hesabdakı inamlı üstünlüyümüzün - 2 top fərqiylə irəlidə olmağımızın da təsiri vardı. Əslində isə oyunun gedişatı, rəqibin səviyyəsi buna imkan verirdi ki, qollarının davamını gətirərək darmadağına imza ataq.

İtaliyalı baş məşqçimiz Canni de Byazinin start heyətində diqqətçəkən məqamlar vardı. Başlayaq pozitiv məqamlardan. 66 yaşlı mütəxəssis ilk dəqiqələrdən Musa Qurbanlıya şans verdi ki, bu da onun vaxtında əsas yığmamızda debüt edən 20 yaşlı hücumçunun ilk dəfə start heyətində çıxdığı oyun idi. Premyer Liqamızın bombardirlərindən olan Musa özünə diqqəti haqq edir və olduğu 90 dəqiqədə işgüzarlığı ilə yadda qalaraq ümumilikdə yaxşı təsir bağışladı. 

De Byazinin yarımmüdafiənin mərkəzində trisou haqda da xoş sözlər demək olar. Hərçənd, onların hər biri - Emin Mahmudov, Riçard Almeyda və Aleksey İsayev ayrı-ayrı klublarda çıxış edir. Buna baxmayaraq, baş məşqçi onlara start heyətdə güvəndi və trio yaxşı anlaşırdı. Təsadüfi deyil ki, qələbəni gətirən qollara da onlardan 2-si imza atdı. Almeyda isə çıxış etdiyi 66 dəqiqədə meydanda ən etibarlı oyunçularımızdan idi. 

İndi də keçən digər məqamlara. Bunlara neqativdən çox açıq qalan suallar desək, daha düzgün olar. Xatırlayırsınızsa, hələ heyət açıqlananda bununla bağlı yazı yazmışdıq. Onda olduğu kimi, yenə qapıya bağlı fikrimizdə qalırıq. Şahrudin Məhəmmədəliyevi bu dəfə çağırmağa lüzum olmadığı halda, de Byazi inadından əl çəkmərək, onu yoldaşlıq görüşündə də 90 dəqiqə oynatdı. "Şah"ın əvəzləyicisi olan Emil Balayev, yaxud Səlahət Ağayevi oynatmaq olmazdı? Bəs, yoldaşlıq görüşləri nə üçündü? Burda da ehtiyat qüvvə yoxlanılmayacaqsa, onda bunu keçirməyə nə lüzum var? O yazıda da göstərdiyimiz kimi, 2-ci pillədə gedən, cari çempionatda ən azı qol buraxanlardan olan "Sabah"ın 20 yaşlı qapıçısı Yusif İmanovu heç olmasa indi çağırmaq lazımdı ki, millinin ab-havasını hiss etsin. 1994-cü il təvəllüdü qapıçılar Tərlan Əhmədliylə Rəşad Əzizli artıq gənc olmasalar da, onlar da yoxlama matçlarına çağırılmağa, sınanmağa layiqdirlər. 

De Byazi növbəti debütə şərait yaratdı. Bu, "Sabah"lı Bəxtiyar Həsənalızadə oldu. Həmin Bəxtiyar ki, 30 yaşında buna nail oldu. Hərçənd, klubunda müdafiənin mərkəzində güclü rəqabət üzündən oyun praktikası sarıdan korluq çəkir. Bəxtiranın son 2 turda oynaması ispaniyalı həmkarı Con İrazsabala görə oldu və de Byazi də müvafiq addımı ataraq dəvət göndərdi. Amam onun Həsənalızadəni rəsmi matçlarda oynatmayacağı şübhə doğurmur. Onu da nəzərə alaraq ki, millimizdə müdafiənin mərkəzində Bədavi Hüseynov-Bəhlul Mustafazadə dueti var. Hansılar ki, "Qarabağ"da da komanda yoldaşıdırlat, yaxşı anlaşırlar, uğurlu çıxış edirlər. Sadəcə, Bədavi zədəyə görə son anda heyətədn çıxarıldı. Bəhlulun isə yüngül zədəsi olduğundan Kişinyovdakı matçda sonadək ehtiyatda qaldı. Bəxtiyar artıq təcrübəli futbolçu olsa, onda həyəcan hiss olunurdu. Halbuki, bu, adi yoldaşlıq görüşü idi, rəqib də güclü deyildi, tribunlarda da güclü azarkeş təzyiqi yox idi. De Byazi az qala hər dəfə gələcəyin qurduğunu deyirsə, onun sərəncamında Cəlal Hüseynov var. Hansı ki, millimizdə ən gəncdi, cəmi 19 yaşı var. Bəli, cari mövsümdə artıq "Zirə"də yox, autsayderlərdən olan "Şamaxı"da çıxış edir. Amma daim oynayır, ciddi səhvlərə yol vermir. Gələcəyin komandasında isə yaşlı yox, gənclər çoxluq təşkil etməlidi.

De Byazinin Həsənalızadəylə birgə müdafiənin mərkəzində yer verdiyi Anton Krivtotsyuk isə daha yaxşı, inamlı təsir bağışladı. İtaliyalı mütəxəssisin Antonu sınamasını, 90 dəqiqə oynatmasını alqışlayırıq. Çünki Anton artıq xeyli vaxtdı millimizdə əsas heytə üzvü deyil, Polşanın "Visla" klubuna keçəndən sonra yığmada arxa plana keçib, onu çoxdandı iş başında görmürük Onu da unutmayaq ki, Krivotsyuk klubunda əsas heyətdə daim çıxış etməsə də, Polşanın yüksək liqasının iştirakçısıdı.

Millimizin italyan çalışdırıcısının sərəncamında Azərbaycandan kənarda çıxış edğn daha bir mərkəz müdafiəçisi var - Höccət Haqverdi. Amma cənab de Byazi burda da inadkarlıq göstərərək onu müdafiənin sağ cinahında oynadır. Xatırlayırsınızsa, "Neftçi"nin rumıniyalı baş məşqçisi Lourentsiu Regekampf da yayda Konfrans Liqasında hamıya qarşı çıxaraq mərkəz müdafiəçisi Mamadu Mbodju sağ cinahda oynatdı və bunun effektiv olmadığı görünürdü. Mbodj ilk növbədə fiziki göstəricilərinə görə cinah müdafiəçisinə uyğun oyunçu deyildi, hücuma fəal qoşula, cərimə meydanında ötürmə edə bilmirdi. Haqverdiylə bağlı da bunu görürük və təsadüfi deyil ki, millimizin hücumları daha çox Elvin Cəfərquliyevin yer aldğı müdafiənin sol cinahından qurulurdu. Höccətin cinah müdafiəçisi olmadığına sadə bir nümunə - o, artıq neçəncii dəfədi auta düzgün ata bilməyərək, bunu rəqibin etməsinə səbəbkar olur. Ən vacibi, de Byazinin sərəncamında iki sağ cinah müdafiəçisi var - Amin Seydiyevlə Qismət Alıyev. Hansılar ki, Höccətdən gəncdilər və öz klublarında daim oynayırlar. 

De Byazinin yarımmüdafiənin cinahlarında şans verdiyi Ramil Şeydayevlə Özan Can Gökçüdən ikincini artıq fasilədə Mahir Emreliylə əvəzlədi. Ramil ilk qolda iştirak etsə də, ümumilikdə top itkiləri az olmasa, oyunu yaxşı alınmasa da, uzun müddət meydanda qaldı. Baş məşqçi isə onu yalnız 83-cü dəqiqədə Namiq ƏIəsgərovla əvəzlədi. Həmin Namiq ki zədə üzündən xeyli geri düşüb, onu məhz belə yoldaşlıq görüşlərində iş başında görmək lazımdı. Namiq bu qədət az müddətdə nə edə bilərdi? Necə özünü göstərsin?

Göründüyü kimi, nəticə də var, açıq qalan suallar da. Özü də çoxdu. De Byazi heyəti quranda yoldaşlıq görüşlərinin statusunu nəzərə almalı, maksimum çox futbolçunu sınamalı, kimlərisə səfərə turist kimi aparmamalıdı.

 

 

MEHMAN SÜLEYMANOV