Futbolda klub idarəçiliyi yalnız meydana çıxıb oyun keçirməkdən, futbolçu transfer etməkdən və mövsüm ərzində nəticə qazanmaqdan ibarət deyil.
Klubun imici, ictimaiyyətlə münasibəti, federasiya və digər futbol qurumları ilə kommunikasiya da ən azı meydandakı nəticələr qədər vacibdir.
"Turan Tovuz"da isə son dövrlərdə bu istiqamətdə kifayət qədər suallar yaranıb. Daha doğrusu, eyni tipli problemlərin müxtəlif vaxtlarda təkrarlandığını görürük. Bu mənzərədə diqqət çəkən əsas adlardan biri isə klubda məsul şəxslərdən olan Nəsimi Paşayevdir. Paşayevin fəaliyyəti ilə bağlı ən böyük sual da elə budur: Nə iş görür?
2025-ci ilin fevralını xatırlayaq.
Misli Premyer Liqasının XXIV turunda "Şamaxı" – "Turan Tovuz" oyunu öncəsi klubun rəsmi səhifələrində bəyanat yayımlandı. Qar səbəbindən VAR sisteminin və canlı yayımın olmayacağı bildirildi, üstəlik, matçın şəffaf keçirilməsi ilə bağlı şübhə yaradacaq fikirlər səsləndirildi.
AFFA isə bu bəyanatı ciddi qiymətləndirdi. Assosiasiya açıqlamanın qurumlarının nüfuzuna xələl gətirdiyini və ictimaiyyətdə idarəçiliyin şəffaflığı ilə bağlı yanlış rəy formalaşdırdığını bildirdi və klubu cəzalandırdı. Nəticə? 20 min manatlıq cərimə.
Yəni klub rəhbərliyinin və kommunikasiya siyasətinin bir səhvi Ehtiram Quliyevə 20 min manata başa gəldi. Burada əsas məsələ təkcə bəyanatın yayımlanması deyil. Əsas sual budur: klubun mətbuat və kommunikasiya siyasətinə cavabdeh şəxslər həmin açıqlamanın hansı nəticələr doğura biləcəyini niyə əvvəlcədən hesablamadılar?
Klubun mətbuat katibi Süleyman Tağıyevin bunu öz təşəbbüsü ilə etdiyini düşünmək sadəlövhlük olardı. Belə məsələlərdə rəhbərliyinin mövqeyi əsasdır. Ancaq mətbuat xidmətinin rəhbərliyinin də funksiyası məhz budur: açıqlamanın hüquqi, kommunikativ və reputasiya baxımından mümkün nəticələrini əvvəlcədən görmək. Əgər bunu edə bilmirsə, ortaya çox ciddi peşəkarlıq sualı çıxır.
Üstəlik, AFFA ilə münasibətlərdə klubun hansı mövqedə olduğunu da nəzərə almaq lazım idi. Haqlı olmadığın bir məsələdə assosiasiyanın üzərinə getmək, emosional bəyanat yaymaq və nəticədə 20 min manatlıq cərimə almaq idarəçilik uğuru deyil. Bu, sadəcə, yanlış kommunikasiya qərarıdır ki, Ehtiram Quliyevin güvəndiyi komanda onu belə "qiymətləndirdi".
Amma məsələ bununla bitmir. "Turan Tovuz" rəsmilərinin emosional və mübahisəli açıqlamaları sonrakı dövrdə də davam etdi.
Klub prezidenti Ehtiram Quliyev "Zirə" ilə oyundan sonra baş hakim Əliyar Ağayevi tənqid edərkən "Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq" ifadəsini işlətdi. Burada birinci günahkar əlbəttə, Quliyevin özüdü.
Amma burada da problem təkcə həmin fikrin kim tərəfindən səsləndirilməsi deyil. Problem klubun kommunikasiya mexanizminin işləyib-işləməməsidir.
Rəhbər şəxs emosional açıqlama verməyə cəhd edə bilər. Amma onun yanında duran, klubun ictimai kommunikasiya siyasətinə cavabdeh şəxslər nə üçündür?
Nəsimi Paşayev və Süleyman Tağıyev kimi şəxslərin vəzifəsi məhz belə hallarda klub rəhbərliyini doğru istiqamətləndirmək, riskləri göstərmək və klubun imicinə zərər verə biləcək açıqlamaların qarşısını almaq deyilmi? Əgər bu funksiyanı yerinə yetirə bilmirlərsə, onda vəzifələrinin mahiyyəti ilə bağlı ciddi suallar yaranır. Ən maraqlısı isə odur ki, bütün bunlardan sonra sanki heç nə baş verməyibmiş kimi fəaliyyət davam edir.
Bir tərəfdən 20 min manatlıq cərimə, digər tərəfdən hakimlərə münasibətdə qalmaqal doğuran açıqlamalar, ardınca isə UEFA məsələsində klub daxilində məlumatsızlıq görüntüsü.
Bütün bunları bir yerə yığanda artıq söhbət ayrı-ayrı təsadüfi səhvlərdən getmir. Söhbət idarəetmə və peşəkarlıq problemindən gedir.
Nəsimi Paşayev klubda ən geniş səlahiyyət verilən məsul şəxslərdən biridir. Deməli, klubun başına gələnlərə "mənim xəbərim yox idi" yanaşması ilə baxmaq mümkün deyil. Vəzifə - məsuliyyət deməkdir.
"Turan Tovuz" bu mövsüm avrokuboklara da gedə bilmədi. Səbəb Qərb təmsilçisinə tətbiq olunan qadağa idi. UEFA tərəfindən qəbul edilmiş qərarlardan xəbərsiz olmaq da həmin məsuliyyət çərçivəsində qiymətləndirilməlidir. Klub rəhbərliyində olan şəxs belə məsələlərdən vaxtında xəbərdar olmalı, sənədləri bilməli və prosesləri izləməlidir.
Əks halda ortaya çox sadə bir sual çıxır: əgər klubda baş verən əsas proseslərdən xəbəriniz yoxdursa, onda siz orada nə iş görürsünüz?
"Turan Tovuz" kimi ciddi ambisiyaları olan klubun idarəçiliyində emosiyaya, şəxsi münasibətlərə və təsadüfi qərarlara yer olmamalıdır. Klubun hər bir açıqlaması ölçülüb-biçilməli, federasiya və UEFA kimi qurumlarla münasibətlər peşəkar şəkildə qurulmalıdır.
20 min manatlıq cərimə isə artıq geridə qalan hadisədir. Amma həmin hadisədən nəticə çıxarılıb-çıxarılmadığı əsas məsələdir. Çünki futbolda səhv etmək olar. Hətta ciddi səhv də etmək olar. Amma eyni tipli səhvləri təkrar-təkrar etmək artıq sadəcə, səhv deyil. Bu, idarəetmə problemidir.
Və həmin idarəetmədə məsul şəxslərdən biri olan Nəsimi Paşayevin fəaliyyətinə dair sualların yaranması tamamilə təbiidir. Çünki klub rəsmisi olmaq sadəcə, vəzifə tutmaq deyil. Vəzifənin adı məsuliyyətdirsə, nəticəsi də görünməlidir.
P.S. Ancaq məsələnin kökündə dayanan şəxs əlbəttə ki, Ehtiram Qyliyevdi. Hər halda, birgə təhsil aldığı Türkiyədən tanıdığı səriştəsiz Nəsimi Paşayevi biz yox, Ehtiram Quliyev təyin edib.